Oktyabrın 16-da start götürən II Bakı Beynəlxalq Caz Festivalı ayın 30-da Dövlət Filarmoniyasında tanınmış caz vokalisti Dianne Reevesin konserti ilə yekunlaşdı. 4 dəfə Grammy mükafatına layiq görülmüş D.Reeves dünyada ən yaxşı caz müğənnilərindən hesab edilir. Çox güclü və yumşaq səsi ilə zaldakı tamaşaçıları heyran qoyan müğənninin çıxışı ilə festival sona çatdı.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet Production” tərəfindən təşkil edilən festivalın məqsədi dünya caz ustalarını Azərbaycan tamaşaçılarına daha yaxından tanıtmaq, milli caz musiqimizi isə dünyaya təqdim etmək idi. Festivala İsrail, Britaniya, ABŞ, Polşa, Hollandiya, Litva, Yaponiya kimi 10-a yaxın ölkədən olan 80-dən çox məşhur musiqiçi, o cümlədən caz musiqisinin etalonlarından sayılan “Şakatak” qrupu, amerikalı musiqiçi Al-Di Meola, əslən hindistanlı olan amerikalı caz ifaçısı Vijay İyer və yaponiyalı məşhur pianoçu Keiko Matsui qatıldı. Festival çərçivəsində Bakının 5 musiqi salonunda tamaşaçılara 19 konsert proqramı təqdim olundu.
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva milli cazın özünəməxsusluğunu vurğulayaraq ölkəmizdə musiqinin bu janrının yeni inkişaf yoluna qədəm qoyduğunu dedi: “Azərbaycan cazının inkişaf tarixçəsi Tofiq Quliyevin, sonralar onun daha parlaq şəkildə inkişafı Vaqif Mustafazadənin, Rafiq Babayevin adı ilə bağlıdır. Müasir dövrdə də müxtəlif üslublara malik, ölkəmizi dünya musiqisi müstəvisində təmsil edən tanınmış caz ifaçılarımız var. Son illər Montreo caz festivalında Şahin Növrəslinin 2-ci yer, İsfar Sarabskinin Qran-pri alması Azərbaycan cazının inkişaf göstəricisidir. Bu potensialı yaşatmaqla yanaşı, bir mühit də yaranmalıdır ki, bu mühitdə Azərbaycan caz ifaçıları xaricdən gələn qonaqları canlı eşitsinlər. Auditoriya cazın yeni ənənələri ilə tanış olmalıdır ki, sonradan dünyaya özümüzü yeni tərzdə tanıda bilək. Bu baxımdan Bakı Beynəlxalq Caz Festivalı da bir stimuldur. Hesab edirəm ki, festival kifayət qədər uğurlu alınıb. Həm xarici caz ustaları, həm azərbaycanlı ifaçıların çıxışları, ustad dərsləri Azərbaycanda tamaşaçılar və ifaçılar arasında caza olan böyük marağı göstərir. Festivalın hər il keçirilməsinə mənəvi bir tələbat var. Bu iki həftə ərzində bütün konsertlər öz dinləyicisini tapdı. Festivalda biz “Yeni adlar” layihəsini də təqdim etdik. Gələcəkdə bu layihə daha da genişləndiriləcək”.
İki həftə ərzində festival proqramını böyük həvəslə tamaşaçılara təqdim edən aparıcı Rahib Azərinin də təəssüratlarını öyrəndik: “Sevindirici haldır ki, Bakı caz şəhəri olduğunu bir daha sübuta yetirir. Dünya ulduzlarının cəlb olunduğu festivalda çox yüksək səviyyədə təşkil olunmuşdu və xarici ölkələrdən dəvət olunan musiqiçilərin sayı 80-ə çatırdı. Bizim musiqiçilər də onlardan geri qalmayaraq gözəl çıxışlar etdilər. Caz həvəskarları hər zövqə uyğun musiqi dinləmək imkanı əldə etdilər. Düşünürəm ki, festival bu dəfə müddəti ilə yanaşı rəngarəng proqramı ilə də fərqləndi”.
Festival öz möhtəşəmliyi və müxtəlif janrlı konsert proqramları ilə bir çoxlarının yaddaşında iz saldı. Bakıda yaşanan musiqi bayramının bitməsi çoxlarını kədərləndirsə də musiqimizin, milli cazın sədasının “Euronews” kimi telekanaldan gəlməsi böyük uğur oldu. Festivalda qonaqlarla yanaşı azərbaycanlı caz ifaçıları da maraqlı çıxışlar etdilər. Onlardan bir neçəsi yekun konsertdə təəssüratlarını bizimlə bölüşdülər:
Görkəmli caz ifaçısı, bəstəkar və pianoçu Salman Qəmbərov festivalın ənənəvi keçirilməsini yüksək qiymətləndirərək konsertlərdən böyük zövq aldığını qeyd etdi: “Çox gözəl haldır ki, Vaqif Mustafazadənin, Rafiq Babayevin sənəti bu gün də müxtəlif üslublarda, müxtəlif janrlarda davam edir. Mənə belə gəlir ki, hər bir musiqisevər festival zamanı öz zövqünə uyğun nə isə tapa bildi. Bu il mənim üçün festivalın zirvəsi Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Vijay İyer triosunun konserti oldu. Bu festival milli cazın inkişafına böyük təkandır ”.
Azərbaycan cazının aparıcı təmsilçilərindən biri, saksofon ifaçısı Rain Sultanovun dediklərindən: “Festival bütün cazsevərlər və mədəniyyətimizi layiqincə təbliğ edənlər üçündür və xarici ölkələrlə birgə əməkdaşlıq qurmaq imkanı yaradır. Festivalın digər uğuru “Euronews” kanalında “Bakı - cazın paytaxtı” adı altında hazırlanmış reportaj və festival iştirakçılarının həmin kanala müsahibə verməsi oldu. Azərbaycan cazını dünya səviyyəsinə çıxarmaq bizim üçün böyük uğurdur. Bizim caz özünəməxsusluğu ilə seçilir. Muğamın cazla sintezi bizə məxsus olduğu üçün onu qoruyub gələcək nəsillərə də çatdırmaq vacibdir. Festival çox maraqlı təşkil olunmuşdu. Burada müxtəlif kollektivlər, cazın həm ciddi, həm də yüngül istiqamətləri üzrə qruplar, eləcə də vokal kollektivlər iştirak edirdi. Mike Mainieri, Vijay İyer trio, Omarı dinləmək mənə olduqca maraqlı idi. Ümid edirəm ki, festival hər il keçiriləcək”.
Festivalda bu il tamaşaçılara təqdim olunan layihələrdən biri də “Yeni adlar” layihəsi oldu. Layihənin məqsədi gənc istedadları tapmaq, onları auditoriyaya təqdim etmək idi. Builki festivalın “Yeni adlar” layihəsində Əfqan Rəsul, Elçin Şirinov çıxış etdi.
Gənc yaşlarından caza böyük marağı olan və bir çox festivallarda iştirak edən Elçin Şirinov belə mötəbər festivalda ilk dəfə çıxış etdiyini dedi: “Bu il “Yeni adlar” layihəsində çıxışım mənim üçün böyük stimul oldu. Bilmirəm nə dərəcədə uğurlu alındı, ümid edirəm ki, tamaşaçılar razı qaldılar. Bu günlər ərzində bir-birindən fərqli konsertlərdə oldum. Bütün konsertlər əla keçdi”.
Beləliklə möhtəşəm konsertlə sona çatan Bakı Caz Festivalı dünya şöhrətli qonaqların çıxışları ilə hələ çox yaddaşlarda qalacaq.
Yeganə Cansail