Hollandiyada yaşayan məşhur cazmen soydaşımız Əminə Fiqarova ilə bir neçə ay öncə Bakıda görüşmüşdük. O vaxt çox məşğul idi. Bir neçə mötəbər festivala dəvət almışdı. Bu günlərdə yenidən Bakıda qonaq olan soydaşımızla həmsöhbət olduq və o iştirak etdiyi festivalların təəssüratını bizimlə bölüşdü. 
   
   - O vaxt Bakıdan qayıdan kimi birbaşa Malayziyaya getdik. Festival Borneo adasında yerləşən Miri şəhərində keçirilirdi. Yerli əhali cazı çox sevir. Amma belə festivallar az-az keçirildiyindən bura minlərlə caz pərəstişkarları toplanmışdı. Onlar musiqiçiləri səhnədən buraxmaq istəmirdilər. Əlbəttə, bir musiqiçi kimi bizim üçün çox xoş idi.
   Bundan sonra Hollandiyaya yaxın olan Avropa ölkələrində çıxışlarımız oldu. Portuqaliyada keçirilən Laqoa caz festivalı isə daha çox yadımda qaldı. Açıq havada çox da böyük olmayan amfiteatr, gölün və meşənin fonunda çox romantik görünürdü.
   Yığışan tamaşaçıların hamısı cazı yaxşı bilən insanlardı. Maraqlıdır, baxmayaraq ki, bu bizim Portuqaliyaya ilk səfərimiz idi. Amma onlar bizi tanıyırdılar. Çünki onların radiosu bizim musiqilərimizi tez-tez verir.
   - Amerikada keçirilən məşhur caz festivalında çıxışlarınız necə keçdi?
   - Nyu-Port caz festivalı təkcə Amerika üçün yox, həm də dünya üçün əhəmiyyətli bir festivaldır. Belə festivallarda avropalı musiqiçilər çox təsadüf halda çıxış edirdilər.
   Məsələn, Hollandiyadan olan musiqi qrupu yalnız bir dəfə - 1964-cü ildə bu festivalın iştirakçısı olub. Amerika cazın vətənidir. Festivalda görüşdüyümüz hər bir amerikalı da bu fikirdə idi, onlara elə gəlir ki, cazı da hamıdan yaxşı başa düşürlər. Onların Azərbaycan barədə məlumatları az idi. Biz onlara deyəndə ki, Azərbaycanda caz çox populyardır, təəccübləndilər. Mən öz musiqi qrupumla ildə 2-3 dəfə Amerikaya gedirəm, ölkənin bütün böyük səhnələrində çıxış edirik. Məsələn, Linkoln mərkəzində, Çikaqo caz festivalında, San-Fransiskoda, Nyu-Orleanda. Harada oluramsa, orada Azərbaycandan, onun adət-ənənələrindən mütləq danışıram. Nyu-Port caz festivalında çıxışımdan sonra Amerika qəzetləri yazırdı ki, «Azərbaycanlı musiqiçi Əminə Fiqarova Amerikanı fəth edir».
   - Təbrik edirik. Bu çox böyük uğurdur.
   - Əlbəttə, həm də çox böyük məsuliyyətdir. Mən festivallarda səhnəyə iki bayraqla - Azərbaycan və Hollandiyanın bayraqları ilə çıxıram. 20 ildən artıqdır ki, Hollandiyada yaşayıram. Onlar məni özününkü hesab edirlər. Bu mənə qürur verir. Hansı ölkədə çıxış ediriksə, bizim konsertimizə o ölkədəki Hollandiya və Belçika səfirliklərinin nümayəndələri, səfirlər iştirak edirlər.
   - Bəs Azərbaycan səfirliyinin işçiləri necə?
   - Hollandiya və qonşu Avropa ölkələrindəki Azərbaycan səfirliklərinin əməkdaşları konsertlərimizə gəlirlər.
   - Amerika festivalında sonuncu diskinizin təqdimatı olmalı idi...
   - Təqdimat çox böyük uğurla keçdi və iki aydır ki, diskim Amerikada 4-cü yerdədir. Son aylar işlərimiz çox oldu. Vaxt tapan kimi, Azərbaycana gəldim. Bir neçə gün dincəlib, yenidən yola çıxırıq.
   - Uğur olsun!
   
   Sədaqət Yusifqızı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar