Noyabrın 21-də Heydər Əliyev Sarayında tanınmış gürcü müğənnisi Vaxtanq Kikabidzenin “Ya jizn ne toroplyu” (“Mən həyatı tələsdirmirəm”) adlı möhtəşəm konserti oldu. Tamaşaçıların qarşısına çıxan məşhur müğənni Bakı üçün darıxdığını qeyd edərək zaldakıları salamladı. “Bakıda yenidən sizlərin qarşısında çıxış edib konsert verməyimə çox şadam. Bu konsertim dünya turnem əsasında təşkil olunub. Bu turne çərçivəsində ilk konsertim Marneulidə olub, ikinci konsertim isə Bakıda keçirilir. Bakını çox sevirəm və hər zaman da bütün çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram. Bunlardan biri əlbəttə ki, doğma Tbilisi, ikincisi isə Bakıdır. Bakıda özümü doğma şəhərimdəki kimi çox rahat hiss edirəm”.
   Konsert proqramı çərçivəsində V.Kikabidzenin rol aldığı filmlərdən fraqmentlər də nümayiş olundu. Konsertdən sonra isə Gürcüstandan xüsusi olaraq gətirilmiş çaxır, üzərində V.Kikabidzenin fotosu olan köynəklər, müğənninin DVD və CD-ləri satışa çıxarılıb.
   
   Yeganə