Moskvada gənc klassik musiqi ifaçılarının “Parlayan ulduzlar Kremldə” II Beynəlxalq festivalının qala-konserti olub. Festivalda ölkəmizi Nicat Məmmədov (fleyta) və Emil Bağırov (klarnet) layiqincə təmsil ediblər. Layihə Rusiya Federasiyası prezidentinin xanımı, Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti Svetlana Medvedevanın təşəbbüsü ilə həyata keçirilib. Festivalın digər təşkilatçıları Vladimir Spivakov adına Beynəlxalq Xeyriyyə Fondu və MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu olub.
Kremlin Aleksandr salonunda baş tutan yekun konsert festivalın əsas hadisəsi olub. Konsertdə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Latviya və s. ölkələrin ən istedadlı gənc musiqiçiləri iştirak ediblər. Onlar dünya şöhrətli kollektiv - maestro Vladimir Spivakovun idarə etdiyi “Moskva virtuozları” kamera orkestri ilə bir səhnəni paylaşıblar.
Konsertdən sonra musiqiçilərə Rusiyanın birinci xanımı Svetlana Medvedevanın “Minnətdarlıq diplomu”, müxtəlif mükafat və hədiyyələr təqdim olunub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, “Parlayan ulduzlar Kremldə” II Beynəlxalq festivalının iştirakçısı Nicat Məmmədov 2004-cü ildə F.Əmirov və N.Əliverdibəyov adına Respublika müsabiqəsinin birinci mükafatına layiq görülmüşdür. 2007-ci ildə onun adı “Qızıl kitab”a salınıb və o, Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. O, dəfələrlə ABŞ, Hollandiya, Fransa, Rusiya və s. ölkələrdə beynəlxalq musiqi festivallarında, habelə Bakıda Mstislav Rostropoviç adına beynəlxalq festivalda iştirak edib.
Emil Bağırov da Mstislav Rostropoviç adına Beynəlxalq musiqi festivalında iştirak edib. Hər iki musiqiçi M.Rostropoviç Fondunun təqaüdçüsüdür. Emil və Nicat hazırda Vladimir Spivakovun idarə etdiyi Gənclər Simfonik Orkestrinin solistləridir.