Dekabrın 2-də Bakı Musiqi Akademiyasında professional musiqi ifaçılığı ilə məşğul olan gənclərin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib. Konsert proqramına üç istedadlı musiqiçinin - Anar Məmmədov (klarnet), Vəli Budaqov (klarnet) və Aysel Məlikovanın (piano) ifasında Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin müxtəlif janrlı əsərləri daxil idi. Proqrama əsasən konsertdə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin, görkəmli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Xəyyam Mirzəzadə və digərlərinin əsərləri səsləndirildi. Qeyd edək ki, konsert klassik, akademik və müasir Azərbaycan musiqisinin təbliği məqsədilə təşkil olunmuşdu.