Azərbaycan estradasının populyar müğənnilərindən olan Röya və Zamiqin iştirakı ilə yay aylarından davam edən “Doğma diyar” layihəsi dekabrın 6-da başa çatıb. Layihə üzrə son möhtəşəm konsert Bakı İdman Sarayında gerçəkləşib.
Konsert Röya və Zamiqin yüksək səviyyəli perfomansı ilə yadda qalıb. Öncə səhnəyə Zamiq çıxıb və “Nero” rəqs qrupunun müşayiətilə 13 mahnı ifa edib. Daha sonra gur alqışlarla səhnəyə dəvət olunan Röya əvvəlcə Zamiqlə birgə, sonra isə “Nero” rəqs qrupunun müşayiəti ilə solo ifada 11 mahnı oxuyub. Ayaqüstə qalan tamaşaçılar da rəqs edən müğənniyə qoşulublar.
Qeyd edək ki, "Doğma diyar" kampaniyası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Müğənnilər turne ərzində təşkilatçılar tərəfindən beynəlxalq standartlara uyğun olaraq səyyar qrim otağı, səyyar səhnə, işıq, səs və sairə avadanlıqlarla təmin edilib.
"Doğma diyar" layihəsində müğənnilər Azərbaycanın 15 bölgəsində - Quba, Gəncə, Qazax, Şəmkir, Qəbələ, Lənkəran, Ağdam, Füzuli, Şəki, Göyçay, Yevlax, Mingəçevir, Şirvan, Sumqayıtda açıq havada, təmənnasız olaraq konsert proqramı ilə çıxış ediblər.