Xalq və bəstəkar mahnılarının mahir ifaçısı, şirin ləhcəsi və xoş avazı ilə muğam aləminə təzə nəfəs qatan və onu gözəlləşdirən xanəndələr sırasında özünə məxsus yeri olan sənətçilərdən biri də Cabir Abdullayevdir.
   
   
   Cabir Əli oğlu Abdullayev 1966-ci il dekabrın 10-da Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. O, ailədə 6 qardaşın ən kiçiyi idi. Evləri daima qonaqlı-qaralı olub. Evə hər qonaq gəldiyində qardaşlar sıraya düzülərək muğamlarımızı və el havalarını ifa edərək onlarda xoş ovqat yaradardılar.
   Beləcə, xanəndə Cabir Abdullayevin “ilk muğam evi” doğulduğu kənd, musiqi beşiyi isə ailəsi olub. Böyüdüyü ocaqda sözə və musiqiyə olan sonsuz rəğbət və ehtiram hissi onu da kiçik yaşlarından sənətə bağlayıb. Cabir ifaçılıq sənətinin ilk sirlərinə boya-başa çatdığı evdə yiyələnərək, böyük qardaşlarından öyrənərək, cilalana-cilalana püxtələşib. Böyük qardaşı, mərhum Vahid Abdullayev dövrünün sevilən xanəndələrindən biri kimi ad çıxarıb, milli musiqimizi ölkəmizin sərhədlərindən kənarda bacarıqla tanıdan Xalq artisti Mənsum İbrahimovun ilk muğam müəllimi olub. Ailənin ikinci oğlu, Asəf Zeynallı adına Musiqi Kollecində çalışan Sabir Abdullayev də bacarıqlı pedaqoq, Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən 2-ci muğam müsabiqəsininin qalibi Güllü Muradovanın muğam müəllimidir.
   Qardaşlarının sənət yolunu uğurla davam etdirən Cabir Abdullayevin yaradıcılıq avtobioqrafiyası isə böyüdüyü ocaqdan sonra “Qarabağ bülbülləri”, ”Şur” ansamblları ilə bağlı olub. Sonralar isə onlarla xarici ölkələrə qastrol səfərlərində uğurla çıxıış edib, muğam və təsniflərimizi, el havalarımızı mahir ifası ilə əcnəbi tamaşaçılara sevdirə bilib. Eləcə də ölkəmizdə iştirak etdiyi hər musiqi məclisində, dəvət aldığı hər televiziya verilişində özünəməxsus ifası ilə sənətsevərlərin dərin rəğbətini qazanır.
   2001-ci ildə Dövlət Konservatoriyasında ali musiqi təhsilini başa vuran sənətçi istedadını və qabiliyyətini əsirgəmədən pedaqoji fəaliyyətlə də məşğuldur, muğamın sirlərini böyük şövqlə tələbə və şagirdlərinə öyrədir, yeniyetmə musiqiçilərin yetişməsinə öz töhfəsini verir.
   Bu yerdə böyük İslam aliminin ibrətamiz kəlamı yada düşür: “Ədəbi olmadan elm odunsuz atəş, elmsiz ədəbsə bədənsiz ruh kimidir”. El-obanın işinə, dərd-sərinə yarıyan, xeyirxah əməlləri ilə tanınan və seçilən Cabir Abdullayev xoşbəxt sənətçilərdəndir. Neçə-neçə imkansız ailənin toy məclisinə əsl ağayanalıq göstərərək həmin toy və məclislərdə xanəndəliyi təmənnasız edib. Xüsusi ilə şəhid və məcburi köçkün həyatını yaşayan insanlara onun münasibəti daha ülvidir. Başqa cür də ola bilməz. Onun doğma qardaşı Əkbər Abdullayev torpaq və Vətən uğrunda şəhid olub. Cabir özü də Qarabağın müdafiəsinə qalxmış qeyrətli oğullarla səngərdə bir yerdə çiyin-çiyinə duraraq erməni işğalçılarına qarşı vuruşub. Xanəndə Cabir Abdullayev bu gün isə sənətin keşiyində vicdan və məsuliyyətlə dayanaraq xeyirxah əməlləri ilə öz vətəndaşlıq borcunu yerinə yetirir.
   Cabir Abdullayev səsinin sehri və oxu manerasının təsir imkanları çox güclüdür. Buna misal olaraq onun “Yaman ağır olur atasız dünya“ misrası ilə ifa etdiyi “Segah” muğamını göstərmək olar. Bu ifaya qulaq asan bir çox insanların Cabirin səsinin sehrinə düşərək kövrəldiklərinin canlı şahidi olmuşuq.
   İnsan ruhuna, könlünə təravət gətirən, yüksək ifaçılıq mədəniyyəti ilə sevilib-seçilən xanəndə, respublikanın Əməkdar artisti Cabir Abdullayevə üz tutaraq ona sənət yolun həmişə işıqlı və aydınlı olsun deyir, elin gözündə və nəzərində həmişə uca olmağı diləyirik. Mərhum şair Rasim Kərimli demişkən, “sənətinin keşiyində duranları qoy əbədi min yaşasın!”.
   
   Həsən Məmmədov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar