Klassik musiqi bayramında dünyanın ən yaxşı ifaçıları iştirak edirlər
Xəbər verildiyi kimi, dekabrın 12-də Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalına start verilib. 2007-ci ildən ənənəvi olaraq keçirilən festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondudur.
Mstislav Rostropoviç Fondunun rəhbəri, maestronun qızı Olqa Rostropoviç dekabrın 10-da Leopold və Mstislav Rostopoviçlərin Bakıdakı ev-muzeyində mətbuat konfransı keçirərək festivala hazırlıqla bağlı fikirlərini bölüşdü.
Bakıya hər səfərindən sevinc duyduğunu deyən Olqa Rostropoviç bu şəhərin onun üçün doğma olduğunu vurğuladı. O, atasının xatirəsinə həsr olunmuş festivalın hər ötən il daha geniş auditoriya topladığını qeyd etdi: “Əvvəlki festivallardan fərqli olaraq, bu il beynəlxalq layihə daha geniş miqyasda baş tutacaq. IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı öncəki festivalların zirvəsi olacaq. Çünki budəfəki festivala dünyanın çox məşhur musiqiçiləri qatılacaq. Onların arasında dünya şöhrətli dirijor, İsrail Filarmonik Orkestrinin bədii rəhbəri Zubin Meta da var”.
O, məşhur fransız aktyoru Jerar Depardyenin festival çərçivəsində Bakıya səfərinin əlamətdar hadisə olduğunu nəzərə çatdırdı. Festivalın daha bir yüksək qonağı isə dahi rus bəstəkarı Dmitri Şostakoviçin həyat yoldaşı İrina Şostakoviçdir.
Olqa Rostropoviç festivalın açılışının dekabrın 12-də, Heydər Əliyevin xatirə günündə keçirilməsinin də təsadüf olmadığını vurğuladı. Onun sözlərinə görə, təşkilatçılar bununla yaxın dost olmuş iki böyük şəxsiyyətin xatirəsini birlikdə yad etmək istəyiblər. O, festivalın Gənclər Orkestrinin konserti ilə açılmasının əlamətdar fakt olduğunu söylədi: “Belə bir orkestrin yaradılması atamın istəyi olub. Amma orkestr onun vəfatından sonra yaradılıb”.
* * *
Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın musiqimizin inkişafına böyük təkan olduğunu vurğuladı: “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Əvvəlki festivallardan fərqli olaraq, builki festivalın proqramı daha genişmiqyaslı və rəngarəngdir. Bir həftə davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Moskva solistləri” kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər. İnanıram ki, konsertlərdə bir çox beynəlxalq kollektivlərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Uşaq-Gənclər Simfonik Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları da maraqla qarşılanacaq”.
Daha sonra festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç atasına, onun sənətinə göstərilən qayğı və ehtirama görə Azərbaycan xalqına, prezident İlham Əliyev və Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirdi: “Bizim festivalımız artıq 4-cü dəfə keçirilir və əminliklə demək olar ki, musiqi dünyasında ən böyük hadisələrdən birinə çevrilib. Onun iştirakçıları dünya şöhrətli musiqiçilər və müxtəlif ölkələrdən parlaq istedada malik gənclərdir. Mən fəxr edirəm ki, Mstislav Rostropoviçə həsr olunmuş ən birinci festival məhz burada, atamın çox sevdiyi və onun üçün əziz olan musiqiçilərin adı ilə bağlı şəhərdə keçirilib. Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi atamın arzusu idi”.
Festivalın ilk günü dirijor, Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin çıxışı ilə başladı. Solistlər Elvin Qəniyev, Toğrul Hüseynli, Ceyla Seyidova və Mustafa Aşurov Ü.Hacıbəyli, M.Maqomayev, Q. Qarayev, Niyazi, O.Zülfüqarov, M.Mirzəyev, A.Vivaldi, N.Rimski-Korsakovun və başqa bəstəkarların əsərlərini ifa etdilər.
Onu da qeyd edək ki, Dövlət Filarmoniyasının foyesində M.Rostropoviçin ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotosərgi də qonaqlara nümayiş olundu. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak edirdilər.
* * *
Festivalın növbəti konserti sənətkarın ev-muzeyində keçirildi
Azərbaycan paytaxtı üçün mühüm mədəni hadisələrdən biri olan IV Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert dekabrın 13-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində təşkil edilib. Tədbirdə çıxış edən ev-muzeyin direktoru Şeyla Heydərova, L. və M.Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin direktoru Ruhulla Əzizov böyük sənətkarın mənalı ömür yolundan, doğma Vətəni Azərbaycana olan sonsuz sevgisindən, istedadlı gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Konsertdə dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin adını daşıyan məktəbin şagirdləri və bu təhsil ocağının Prezident təqaüdçüləri geniş konsert proqramı ilə çıxış ediblər.
* * *
Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Başmetin “Moskva solistləri” kamera ansamblı çıxış edib.
Bu gün isə Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycanın Xalq artisti Teymur Göyçayevdir) ifasında İ.S.Baxın üç fortepiano və skripka konserti olacaq. Solistlər Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadə və tanınmış gənc skripkaçı Yuri Reviçdir.
Festival dekabrın 19-dək davam edəcək.
Yeganə