Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Şöhrət” ordenli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   
   Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək, musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Tofiq Bakıxanovu 80 illiyi münasibətilə təbrik edib. Qeyd olunub ki, Tofiq Bakıxanovun yaradıcılıq yolu bəstəkar, yaradıcı ziyalı kimi xalqa sədaqət, ifaçı kimi sənətə fədakarcasına bağlılıq nümunəsidir. Bəstəkarın təkrarsız yaradıcılığının məhsulu olan musiqili komediyalar, baletlər, simfoniya və simfonik poemalar, simfonik muğamlar, mahnı və romanslar Azərbaycan musiqi xəzinəsini zənginləşdirən dəyərli sənət nümunələridir.
   Ali Məclisin sədri V.Talıbov yubilyara professional musiqimizin inkişafında bundan sonra da məhsuldar fəaliyyətində uğurlar arzulayıb, ona Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə buraxılmış xatirə qızıl medalını təqdim edib.
   Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına muxtar respublikada yüksək qiymət verildiyini, 75 illik yubileyinin də Naxçıvanda qeyd olunduğunu vurğulayıb, ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Sonra görkəmli bəstəkarın 80 illik yubileyi münasibətilə konsert olub.