«Mənim bir anım sevgisiz olmayıb. Xalqımı, vətənimi, torpağımı, onun dağını-düzünü, gülünü-çiçəyini, bir sözlə, hər zərrəsini bütün varlığımla sevmişəm. Bu sevgini sənətimlə ifadə etməyə çalışmışam. Sənətin kəşməkəşli yollarından keçərək daim vətən və xalq məhəbbəti ilə yazıb-yaratmışam. İnsanlara da bunu arzulayıram. Allah heç kimi sevgidən məhrum etməsin».
O, ömrünün 87-ci pilləsində də belə düşünür. Odur ki, daim sevərək yaşayan sənətkar xalq tərəfindən də böyük məhəbbətlə sevilir, dövlətimiz də onun zəhmətini yüksək qiymətləndirir. Görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, «Şöhrət» ordenli Şəfiqə Axundova yanvarın 21-də 87 yaşını tamamladı.
O, çox həyatsevər bir xanımdır. Odur ki, yaşadığı ağır-acıları da içində çəkir, insanlarla münasibətdə çox xoşrəftardır. Onun haqqında yazdığım «Nəğmədir həyat» kitabı ilə əlaqədar olaraq biz tez-tez görüşürdük. O, nə qədər qayğılı olsaydı belə, heç vaxt bunu büruzə vermirdi.
Elə bu dəfə də Şəfiqə xanım məni gülərüzlə qarşıladı. Soruşdum: “Necəsiniz, Şəfiqə xanım?”. O, şəkililərə xas bir zarafat və şirin ləhcə ilə cavab verdi: «Aaz, Allah saa köməy olsun. 87 yaşında adam nətəhər olar? Qoy Allah bu yaşı sənə də qismət eləsin, onda bilərsən ki, necəyəm. Amma buna da şükür. Çox şükür ki, həyatın bütün çətinliklərinə sinə gərərək bu günə gəlib çata bilmişəm».
Beləcə, Şəfiqə xanımla bir xeyli söhbət etdik. O, şirin-şirin danışıb, ötənləri xatırlayıb köks ötürür, hərdən də kövrəlirdi. Dedim, Şəfiqə xanım, haqqınızda məqalə yazmaq istəyirəm. Bəlkə keçdiyiniz həyat və sənət yoluna bir daha nəzər salaq?
Araya bir sükut çökdü. Şəfiqə xanım masanın üstündəki kitabı ona verməyimi xahiş etdi. Bu, mənim sənətkarın 80 illik yubileyi ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin tövsiyəsi ilə yazdığım «Nəğmədir həyat» kitabı idi. Kitabın redaktoru Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabovdur. Şəfiqə xanım həmin kitabı vərəqləyərək üzünü mənə tutub dedi: «Sən bu kitabda mənim həyatıma və sənətimə aid olan əsas mətləbləri çox yaxşı yazmısan. Demək olar ki, mənim haqqımda çox şeyi bilirsən. Odur ki, məqaləni də necə istəyirsən elə yaz. Yenə də mən xalqıma, sizlərə də çox sağ olun deyirəm ki, məni yaddan çıxarmırsınız».
Beləliklə, Şəfiqə xanımla söhbətimə ara verib onunla bağlı bilgilərimi sizinlə bölüşürəm.
Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvarın 21-də Şəkidə anadan olub. Atası dövrünün ziyalısı, anası Züleyxa xanım evdar qadın olub. Dağlar qoynunda boya-başa çatan Şəfiqənin erkən yaşlarından musiqiyə böyük məhəbbəti olub. Bəstəkar o illəri belə xatırlayır: «Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Hərdən öz-özümə zümzümə edərdim».
İstedad elə bir keyfiyyətdir ki, onu həyatda sonradan qazanmaq olmur. O, elə insanla birgə doğulur. Beləcə, balaca Şəfiqənin istedadı da ətrafdakıların, yəni yaxınların, doğmaların diqqətini cəlb edir. O, ilk təhsilini Şəkidəki 6 saylı məktəbdən başlayır, lakin atasının işi ilə əlaqədar olaraq ailəsi Bakıya köçür. O da təhsilini Bakıda davam etdirir. Əvvəlcə 6, sonra isə 173 saylı məktəbdə oxuyan Şəfiqə xanım bu illərdə musiqi təhsili də alıb.
Şəfiqə xanımı sənətə gətirən yollar o qədər də hamar olmayıb. Amma bu yolda ona istedadı ilə yanaşı xeyirxah insanlar da kömək ediblər. Bu mənada Şəfiqə xanım dahi Üzeyir bəyin adını iftixarla və böyük ehtiramla yad edir. Üzeyir bəylə bağlı xatirələr onun həyatının və yaradıcılığının mühüm mərhələsidir. Şəfiqə xanım Üzeyir bəydən əsil sənət dərsi alıb. O, ustadı, müəllimi Üzeyir Hacıbəylini belə xatırlayır:
«O zamanlar İncəsənət İdarəsinin rəhbəri işləyən yazıçı Mirzə İbrahimovun vasitəsilə böyük bacım Zümrüd məni Üzeyir bəyin yanına apardı. Elə həyəcanlı idim ki, o həyəcan hissini heç vaxt unuda bilmirəm. Əvvəlcə Üzeyir bəy mənim musiqi qabiliyyətimi yoxladı, sonra isə mən öz bəstələdiyim melodiyalardan bir neçəsini ifa etdim. Üzeyir bəy razı qaldı və mənə musiqi təhsili almağı tövsiyə etdi. O gündən də bütün varlığımla sənətə bağlandım».
Üzeyir bəy onu mükəmməl musiqi təhsili almaq üçün 1941-ci ildə Hacı Xanməmmədovun tar sinfinə göndərir. Bu da gənc bəstəkara xalq musiqisini daha yaxşı mənimsəməsi, not yazısını və musiqi nəzəriyyəsini öyrənməsi üçün əsas mənbə olur. Artıq musiqi yazı texnikasına bələd olan gənc bəstəkar fortepiano üçün pyeslər və mahnılar üzərində işləyir. Yazdığı bütün əsərlərini Üzeyir bəyə göstərir. Şəfiqə xanımın arxivində Üzeyir bəyin düzəlişi ilə əlyazmaları bu gün də qorunub saxlanılır. Şəfiqə xanımın Üzeyir bəyin düzəlişi və məsləhətləri ilə yazdığı ilk əsərləri M.Dilbazinin sözlərinə «Beşik başında», X.Əlibəylinin sözlərinə «Röya» mahnıları, «Cəngi» pyesi və başqa əsərləri misal göstərə bilərik. Bu əsərləri Şəfiqə xanım Musiqi Texnikumunda oxuyarkən yazıb. Sonra o, təhsilini Dövlət Konservatoriyasında davam etdirir. Burada Üzeyir bəydən «Azərbaycan xalq musiqisinin əsasları» fənni üzrə, B.Zeydmandan isə bəstəkarlıq dərsi alır.
Konservatoriyada oxuduğu illər Şəfiqə Axundova bir neçə instrumental əsərlər, mahnı və romanslar yazıb. Onlardan Nizami Gəncəvinin sözlərinə bəstələdiyi «Nə gözəl» və «Cahanda», Məhəmməd Füzulinin sözlərinə yazdığı «Fəqan etməz idim» romanslarını, «Zəfər marşı», «Zəfər bizimdir», «Ana vətən» mahnılarının və başqa əsərləri qeyd edə bilərik.
O, musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli sənət əsərləri yazıb-yaradıb. Şərqin qadın bəstəkarları içərisində ilk dəfə məhz Şəfiqə Axundova opera janrına müraciət edib. 1974-cü ildə Xalq yazıçısı Süleyman Rəhimovun povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı «Gəlin qayası» operası ilə bəstəkar yaradıcılığında yeni zirvəni fəth edib. Bu opera ilə Şəfiqə xanım Üzeyir bəy məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına sadiq qaldığını bir daha təsdiqləyib.
Bəstəkarın digər irihəcmli səhnə əsəri Novruz Gəncəlinin librettosu əsasında yazdığı «Ev bizim, sirr bizim» operettasıdır. Əsər dövrün tələbinə cavab verərək xalqın məhəbbətini qazanıb. Buradan «Mən hara, rayon hara» misralı duet-mahnı bu gün də xalqın yaddaşındadır.
Ümumiyyətlə, Şəfiqə xanım səhnə əsərlərinə yaradıcılığının ilk dövrlərindən müraciət edib. 1943-cü ildə Əyyub Abbasovun «Adil və Sərvinaz» tamaşasına musiqi yazıb. Səhnə musiqisi bəstəkarın yaradıcılığında xüsusi şaxəni təşkil edir. «Son məktub», «İliç buxtası», «Qayınana», «Böyük ürək», «Vicdan», «Sən nə üçün yaşayırsan?», «Qızıl əjdaha», «Natəvan», «Dost əli», «Rübailər aləmində» və s. bu kimi tamaşalara musiqi yazıb.
Bəstəkarın yaradıcılığının əsas xətti mahnı janrı ilə bağlıdır. Bu da ondan irəli gəlir ki, Şəfiqə xanım gözəl, dolğun, ürəyə yatımlı melodiyalar müəllifidir. Bu da onun mahnılarının əsas qayəsidir. Şəfiqə xanımın mahnıları mövzu dairəsinə görə də çox genişdir.
Vətən gözəllikləri və vətənpərvərlik mövzusu - «Şəki», «Bakı haqqında mahnı», «Sahil çıraqları», «Nəğməli Lənkəran», «Mənim respublikam», «Doğma diyar», «Ana torpaq», «Bu torpağa borcluyam», «Vətənim», «Qələbə bizimdir» və s. əmək, zəhmət mövzusu - «Dağlar oğlu», «Lənkəranın qızları», «Xuraman», «Sular qızı», «Şəfalı əllər» və s. Lirik məhəbbət mövzusu - «Nədən oldu», «Gözlərimin işığı», «Sevilməkçün gəlmisən», «Tənhalıq» və s. həyat sevgisi - «Həyat, sən nə şirinsən», «Həyat eşqi», «Qoruyaq biz həyatı», «Nəğmədir həyat» və s. İnsanlara dostluq və mehribanlıq aşılayan nəğmələr - «Mehriban olaq», «Bu dünyanı düşün», «Dostlar olmasa», «Dostlar bizə gələndə» və s. Ana və övlad məhəbbəti mövzusu - «Laylay», «Anacan» və s. nəğmələrdə öz əksini tapıb. Bəstəkar uşaqlar üçün də gözəl mahnılar yazıb. Onlardan «Əziz müəllim», «Doğma məktəb», «Əkiz bacılar», «O səhvini anlayıb», «Zümrüd» və başqalarının adını çəkə bilərik.
Şəfiqə xanımdan ayrılanda bir daha ürək sözlərini eşitdik: «Mən xalqımdan və dövlətimizdən çox razıyam. Ürəyimdə deməyə çox sözüm var. Bizim Şəkidə deyirlər ki, gəlsin səsin, yansın çırağın. Mən bu gözəl alqışı bütün insanlara arzulayıram».
Beləcə, xoş ovqatla ayrıldıq. Musiqi ilə ürəkləri fəth edən müdrik sənətkarımıza cansağlığı və könül xoşluğu arzulayırıq.
Səadət Təhmirazqızı,
musiqişünas