Bu nə səsdir, nə nəfəsdir?
   Simlərdən qopan tufandır

   
   Milli musiqi alətlərimizdə müxtəlif əsərləri ustalıqla ifa edən sənətçilər arasında xanımlar azlıq təşkil etsə də, bu sahədə seçilən qadınların məharəti daha çox diqqət çəkir. Kaman ustası Şəfiqə Eyvazovadan tutmuş tarzən Ceyran Haşımovaya qədər. Hətta qarmonda, kanonda, qoşanağarada özünəməxsus ifa tərzi ilə fərqlənən xanımlarımız var. 
      
   Amma elə musiqi alətləri də var ki, onların biz hələ də qadınlar tərəfindən qabil şəkildə istifadə olunmasını görmürük. Ötən əsrin ortalarında Ceyran Haşımovanın rəhbərlik etdiyi «Lalə» qızlar ansamblında bir çox musiqi alətlərində qadınlar məharətlərini göstərsələr də, bəzi nəfəs və simli alətlər yenə də kişilərin ixtiyarında qaldı.
   Təsadüfən bir konsertdə dinlədiyim musiqi elə lətif, munis idi ki, barmaqların ürəkdən su içərək simlərdə yaratdığı tufan bütün salonu heyrət içində qoymuşdu. Tamaşaçıları təəccübləndirən və rəğbət dolu hisslər içində coşduran bu musiqi sədaları gitaradan qopurdu. Onu sinəsinə sıxaraq məharətlə ifa edən isə gənc bir qız idi.
   Azərbaycanda bu alətin çox mahir, ustad, bənzərsiz ifaçıları var. Xüsusilə də Rəmişin gitarada yaratdığı möcüzə haqqında dəfələrlə yazılıb. Bəzən də elə düşünülüb ki, bu mahir ifaçıdan sonra heç kim bu yad alətdə bu cür doğma səslər, avazlar yarada bilməz. Amma Rəmişin böyük məharətlə saldığı yolda biz neçə-neçə qabiliyyətli ifaçını gördük. Gitaraçı Rəhmanın bəxş etdiyi musiqi ərməğanının da öz gözəlliyi və cazibəsi var. Adətən gitaraya bizim musiqiyə yad alət deyirlər. Amma alətin harada və kim tərəfindən icad olunması, yaranması şərt deyil. Əsas odur ki, ona hansı ürəklə, hansı hisslərlə, hansı milli duyğularla yanaşırsan və səni dinləyənə nə demək istəyirsən? Uzun illər yad alətlərdə doğma musiqimizi məharətlə ifa edən sənətkarlar bunu yaradıcılıqlarında dəfələrlə təsdiqləyiblər. Alət adi əşyadır, onu dinləndirən isə ifaçının ürəyidir və oradan su içən barmaqlarıdır, nəfəsidir, arzu və diləkləridir!
   Həqiqətən gitara aləti bizim milli musiqi alətlərimizin sırasına sonradan qoşulub. Vətəni İspaniya sayılır. XIII əsrdə meydana gələn bu simli və mizrablı musiqi aləti XVIII əsrdən bütün Avropada məşhurlaşaraq dünyaya yayılıb. Sonralar isə bir çox xalqların musiqi ansambllarında özünə yer tutan bu alətə müəyyən dəyişikliklər, əlavələr də edilib. Azərbaycanda əsasən XX əsrin əvvəllərində həvəskar ifaçılar tərəfindən sevilən bu alət getdikcə musiqi ansambllarında özünə yer tapdı. Xüsusilə də Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda gitaranın öz yeri, mövqeyi oldu. Xalq artistinin bütün musiqi alətlərinə olan hörmət və rəğbəti tamaşaçılara da sirayət etdi. Hər bir bənzərsiz ifaçının yanında dayanaraq tamaşaçıların diqqətini çalğıçıya yönəltməklə bu görkəmli sənətkarımız həm də ona nail olurdu ki, ifaçı yaxşı tanınırdı, alət yadda qalırdı. Qarmonda Aftandil İsrafilovun, qoşanağarada Sadıq Zərbəliyevin, klarnetdə Vəli Qasımovun, tarda Zamiq Əliyevin və nəhayət, gitarada Rəmişin…
   Mətləbdən uzaq düşməyək. Gitarada qadın ifaçısı bizim ölkədə demək olar ki, ilk dəfədir bu zirvədə ifaya nail olur. Leyla Quliyeva Qərb Universitetinin tələbəsidir. Rəşid Behbudov adına musiqi məktəbinin gitara sinfini bitirib. Söyləyir ki, Bakıda bu ixtisas üzrə ali musiqi təhsili almaq mümkün olmadığından xarici dilləri öyrənməyi qarşısına məqsəd qoyub. Nə vaxtsa sevimli gitarasını da bağrına basıb hansısa xarici bir ölkədə ali təhsil almaq niyyətindədir. Hələlik qədim musiqilərimizi, xalq və bəstəkar mahnılarımızı gitarada həvəslə ifa edir.
   Rəşid Behbudov adına Mahnı Teatrında keçirdiyi solo-konsertində Leylanın gitarada yaratdığı möcüzə yaddan çıxmaz. Xüsusilə də dillər əzbəri olan məşhur «Sarı gəlin»i Leyla Quliyeva elə məharət və həzinliklə ifa edir ki, simlərin harayında ürək titrədən səslər eşidir, qeyri-ixtiyari qovuşan kirpiklərin özünəməxsus dünyasında mənzərələr canlanır. Bu səs sanki çox qədimdən, əlçatmaz yerlərdən, yaddançıxmaz günlərdən gəlir. Bilmirəm, Leylanın barmaqlarında nə möcüzə var, yoxsa ürəyi başdan-ayağa duyğulardan ibarətdir?! Hər bir mahnının ifasında özünəməxsus çaları var. Dəfələrlə eşitdiyimiz «Sən gəlməz oldun»u elə dilləndirir ki, sanki ilk dəfədir eşidirsən. Düşdüyün sehrdən çıxa bilmirsən.
   Mənim üçün də maraqlı idi ki, bu qızcığaz niyə tara, kamana, pianoya yox, məhz gitaraya meyl edib. Qəribə mülahizələr eşitdim: «Pianonu da çox sevirəm. Amma onu özünlə hər yerə apara bilmirsən ki? Bir də fərqli olmağı çox xoşlayıram. Duymuşam ki, ilk dəfə məni gitara ifaçısı kimi görən bəzi insanların sifətində bəlkə də inamsızlıq yaranıb. Az qala səslərini də eşitmişəm: «Qız hara, gitara hara?» Elə ki ifam səslənib, o baxışlarda məhəbbət, heyrət, məmnunluq hiss etmişəm. Həmişə arzum olub ki, mükəmməl işimlə, yaxşı əməlimlə insan sevgisinə nail olum. Əvvəllər rəfiqələrimin ad günlərində çalıb-oxuyardım. İndi konsertlərim olur, CD yazılıb. Radioya, televiziyaya dəvət edirlər. Müxtəlif tədbirlərə, görüşlərə gitaramla qoşa gedirəm. Artıq biz ayrılmaz dostlarıq. Sanıram ki, vaxt gələcək mən də bu alətimlə məqsədimə nail olacağam».
   Olduqca təvazökar, səmimi, mehriban Leylanın məhəbbətlə sinəsinə sıxdığı gitaradan yenə xoş avazlar gəlirdi. Onun bu qüdrətli ifası ilə bağlı Xalq artisti, məşhur tarzən Ramiz Quliyevin rəyini soruşduq. Ustad gülümsəyərək söylədi: «Simli alətlərin özünəməxsus sirləri var. Elə ki ona məhəbbətlə, ürəklə yanaşdın, bütün qapılar üzünə açılır. Mizrabla simə toxunan anda bu ünsiyyətin maraqlı olması ifaçının ürəyindən çox asılıdır. Gərək, ürəkdə musiqiyə, nəğməyə, elə alətin özünə o qədər dərin məhəbbət, sönməz həvəs, inadkarlıq ola ki, sənin duyğularını da əllərin bizim cansız sandığımız o əşyaya çatdıra bilə! Fikir vermişəm ki, bizim bu gənc qızımız başdan-ayağa musiqiyə bağlı, onun min bir pərdəsində böyük arzular, diləklər ifa etməyi bacaran çox istedadlı gəncdir. Mən onun gələcəyinə inanıram. O, musiqi dünyasında, ifaçılıqda özünə yeni cığır açdı. Bax, bu cəsarətini alqışlayıram. Bu səbəbdən də nə ifa etdisə, alındı, xoş təsir bağışladı. Mən öz övladlarımda da bunu hiss etmişəm. Həmişə belədir, bir işə ürəkdən yapışanda nəticə mütləq uğurlu olur. Mənə xoş gəlir ki, Leyla Quliyeva öz gitarasında təkcə Avropa klassiklərinin, xüsusilə də gitara ustalarının əsərlərini deyil, həm də bizim milli musiqilərimizi, xalq mahnılarımızı çox gözəl ifa edir. İfaçılıq elə bir məsuliyyətli, həm də ağır yoldur ki, burada özün olmadınsa, addımlamaq çətindir. Ən başlıcası, tamaşaçı səni qəbul etməlidir. Əgər tamaşaçının rəğbətini qazana bilib neçə yol ifa edilmiş əsərlərə yeni məzmun, rəngarənglik, bir sözlə, özünəməxsus təzəlik bəxş edə bilirsənsə, böyük uğurdur, qələbədir!»
   Leyla Quliyevanın gözəl səsi də var. Bəzən başını gitarasının üzərinə əyərək həzin-həzin oxuyur. Gitaranın ecazkar sədalarına qoşulan bu səsin avazında ruhumuz dara çəkilir. Mahnı libası geymiş sözlərin ahəngində də bir qəribəlik duyulurdu: «Sən qəm dolu bir adasan, yadımdasan, yadımdasan!»
   

   Flora Xəlilzadə