Fevralın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kanadalı pianoçu Nina Koqan ilə görüş keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Alla Bayramova N.Koqanın mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb. Qeyd edib ki, kanadalı qonaq fevralın 3-də Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş fortepiano musiqisi axşamında çıxış edəcək.
N.Koqan məşhur skripkaçı Leonid Koqanın qızıdır. Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli simalarından biri - Qara Qarayevin skripka ilə orkestr üçün yazdığı konsertin ilk ifaçısı məhz Leonid Koqan olub. Qara Qarayev bu əsəri Leonid Koqana həsr etmişdir. Konsert Leonid Koqanı heyran etmiş və bununla əlaqədar onun 1978-ci ildə Qara Qarayev haqqında məqaləsi də nəşr olunub. Həmin yazıda Koqanın Q.Qarayev haqqında çox dəyərli və dərin fikirləri yer alıb.
Görüşün iştirakçılarına minnətdarlığını bildirən Nina Koqan artıq Bakıya ikinci dəfə gəldiyini qeyd edərək bildirib ki, atasının yaxın dostu Q.Qarayevin doğum günü ərəfəsində burada olmasından məmnundur. Qonaq atasının Q.Qarayevlə bağlı yazılarını muzeyə hədiyyə edib. Tədbir musiqi ifaları ilə davam etdirilib.