Azərbaycanın müsabiqədəki təmsilçisi fevralın 4-də məlum olacaq
   
   Azərbaycanı bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 4-də məlum olacaq. Həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Eurovision-2011” milli seçimlərinin finalına çıxmış beş ifaçının iştirakı ilə yekun konsert olacaq. Finala vəsiqə qazanan İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyeva və Nigar Camal yenidən öz istedad və bacarıqlarını nümayiş etdirəcəklər.
   Final konserti Avropa Yayımları Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə canlı yayımlanacaq. Məhz həmin final konsertindən sonra artıq tərkibi müəyyənləşmiş münsiflər heyətinin rəyi ilə Azərbaycanın 56-cı “Eurovision” müsabiqəsindəki təmsilçisinin kimliyi məlum olacaq.
   Final konserti üçün hazırlanan xüsusi proqramda Aygün Kazımovanın, Aybəniz Haşımovanın və daha bir neçə yerli müğənninin də çıxışı nəzərdə tutulur. Builki milli finalda əcnəbi sənətçilərin və müsabiqə iştirakçılarının çıxışı isə nəzərdə tutulmayıb.
   Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorfda “Fortuna Arena”da baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək. Azərbaycan təmsilçisi müsabiqənin I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.