Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gəncliyin səsi” layihəsi çərçivəsində konsert keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən konsert 2 fevral - Gənclər Gününə həsr olunub.
Tədbirdə çıxış edən musiqişünas Sara Muradova ölkəmizdə yaradıcı gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, son illər gənc bəstəkarların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün bir çox layihələr həyata keçirilib. Konsertdə gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Konsertdə ilk dəfə gənc bəstəkarlardan Türkər Qasımzadə, Ayaz Qəmbərli, Səid Qəni və Tahir İbişovun simfonik əsərləri səsləndirilib. Gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov solist kimi çıxış edib.