Görkəmli sənətkar Əlibaba Məmmədovun 82 yaşı tamam olur
   
   Bir müdrikdən soruşurlar ki, əsil xoşbəxtlik nədədir? O, cavabında deyir: «Xoşbəxtlik əməldədir. Əgər bir insan öz əməlləri ilə xalqına, vətəninə gərəklidirsə, demək o xoşbəxtdir».
      
   Görkəmli xanəndə, Xalq artisti, Prezident təqaüdçüsü, «Şöhrət» və «İstiqlal» ordenli Əlibaba Məmmədov belə xoşbəxt sənətkarlardandır. Onunla söhbətlərimizin birində belə bir fikir söyləmişdi: sənətkarı üç amil yaşadır - əməli, əsəri və övladı. Amma bunların içərisində ən vacibi əməldir. Əgər əməllərin salehdirsə, yaratdığın əsərlərin də, böyütdüyün övladların da vətənə gərəkli olacaq və səni də yaşadacaq. Bir sözlə, insanın həyatı onun əməllərində öz əksini tapır.
   Həyatını əməllərində, əməllərini isə öz sənətinin dili ilə bizlərə aşılayan Əlibaba müəllim bu yaşantıları ilə sənətin zirvəsini fəth edərək xalqın sevimlisinə çevrilib. Əlibaba müəllim bir zox sənətsevərlər üçün əzizdir, doğmadır. Mənim üçün isə bu doğmalığın xüsusi yeri var. Həyatımda və sənətdə irəliləməyimdə onun müstəsna rolu olub. Uşaq idim, atam müğənni Təhmiraz Şirinov hərdən məni də özü ilə solisti olduğu «Humayun» ansamblının məşqlərinə və konsertlərinə aparırdı. Burada mən Əlibaba müəllimdən başqa Şövkət Ələkbərova, Gülağa Məmmədov, Nəzakət Məmmədova və digər sənətkarlarımızı da görürdüm. Onların hamısı Əlibaba müəllimə xüsusi hörmətlə yanaşır, hətta ona «Əmi» deyə müraciət edirdilər. Eşitdiyimə görə, Azərbaycan ifaçılıq sənətində görkəmli tarzən Qurban Pirimova - Qurban dayı, Cabbar Qaryağdı oğlu və Xan Şuşinskiyə isə Cabbar əmi və Xan əmi deyə müraciət olunub. Bu, xalqın sənətkara böyük hörmətinin bariz nümunəsidir.
   XX əsrin 50-ci illərində sənət fəaliyyətinə başlayan Əlibaba Məmmədov da öz əməlləri və sənətkarlığı ilə xalqın böyük məhəbbətini qazanıb. Onun sənətini və şəxsiyyətini rövnəqləndirən, nurlandıran da məhz bu xalq məhəbbətidir. Bu məhəbbət daim Əlibaba müəllimin sənət yoluna işıq saçıb. Bu yerdə hörmətli sənətkarın həyat və yaradıcılıq yoluna qısa nəzər salaq.
   Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakıda anadan olub. Hələ yeniyetmə vaxtlarından sənətə maraq göstərir, onun şirin avazı, zümzümələri eşidənlərə xoş təsir bağışlayır. Bu isə gənc ifaçını daha da ruhlandırır. El şənliklərində, toy-düyünlərdə çıxışlar edən Əlibaba Məmmədovun səsi böyük konsert salonlarından gəlməyə başlayır. 1949-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Burada ustad sənətkarların tövsiyələri, onlardan öyrəndikləri və bir də öz zəhməti Əlibaba müəllimi daha da püxtələşdirir. 1953-cü ildə A.Zeynallı adına Musiqi Texnikumuna daxil olaraq ustad Seyid Şuşinskidən muğam sənətinin sirlərini öyrənir.
   Bu yerdə qısa haşiyə çıxaq. Bir dəfə soruşdum ki, Əlibaba müəllim, sənətin yüksək zirvəsinə ucalmısınız. Yəqin ki, bu zirvəni fəth etmək elə də asan olmayıb. Müdrik sənətkarın cavabı belə oldu: «Deyirlər ki, hər çətin asan olur, amma çətin asan olur. Bəli, insan qarşısına qoyduğu məqsədə nail olmaq üçün hər şeydən əvvəl zəhmət çəkməlidir. Sənətin də kamilliyi insanın zəhmətinin bəhrəsidir. Sənətin zirvəsinə gəldikdə isə sənətkarı o zirvəyə yüksəldən xalqdır. Əgər xalqım məni sevməsəydi mən kimin üçün oxuyardım? Odur ki, sənətkar olmaq xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyətin öhdəsindən gəlmək üçünsə sənətin sirlərinə yiyələnmək, xalqın etimadını doğrultmaq lazımdır».
   Əlibaba müəllimin bu tövsiyələri sənətə qədəm qoyanlar üçün əsil örnəkdir. Onun bu məsləhətləri və xidmətləri sayəsində Azərbaycan ifaçılıq sənətinə neçə-neçə xanəndə bəxş olunub. Bu yolda Əlibaba müəllim pedaqoq və ansambl rəhbəri kimi böyük xidmətlər göstərib. 40 ilə yaxındır ki, indiki A.Zeynallı adına Musiqi Kollecində və Bülbül adına Musiqi Məktəbində gənclərə, yeniyetmələrə xalq musiqisinin, muğam sənətinin sirlərini aşılayır. Muğam onun sənətinin əsas qayəsidir. Əlibaba müəllimlə söhbətlərimiz həmişə muğamla başlayıb, muğamla bitir. Hər dəfə də bu sənətdən ürəkdolusu danışır.
   «Muğam xalqımızın tükənməz sərvətidir. Çünki muğam ilahidən gələn avazlar əsasında yaranıb. O, Tanrı tərəfindən bəxş olunan müqəddəs sənətdir. Hələ bu günə qədər bir kəs balaca da olsa bir muğam parçası yarada bilməyib. Böyük sənətkarlar sadəcə muğam sənətini qoruyub və onu yaşadıblar. Elə götürək dahi Üzeyir bəyi. O, bu sənəti yaşatmaq üçün əvəzsiz xidmətlər göstərib, dünya musiqisi tarixində analoqu olmayan muğam operaları yazıb, muğam üstə fantaziyalar, simfonik əsərlər, mahnı və romanslar və s. bəstələyib. Amma özü muğam yazmayıb. Çünki yenə də təkrar edirəm ki, muğam Tanrının yaratdığı sirli-sehrli, ecazkar və müqəddəs bir sənətdir. Muğam sənətini xalqımız sevib, dövlətimiz də onu dəstəkləyib. Buna ən gözəl nümunə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın muğamlarımızın dünya səviyyəsində təbliğ olunması yolunda göstərdiyi fəaliyyətidir. Mehriban xanımın təşəbbüsü ilə işıq üzü görən «Qarabağ xanəndələri» albomu, «Muğam ensiklopediyası» və digər nəşrlər, keçirilən muğam müsabiqələri bu fəaliyyətin göstəricisidir. Bakının gözəl bir guşəsində inşa edilən Beynəlxalq Muğam Mərkəzi də bu sənət xəzinəmizə əvəzsiz bir töhfədir. Mən bir sənətkar kimi Azərbaycan muğam sənətinə göstərdikləri qayğı və diqqətə görə möhtərəm prezident İlham Əliyev cənablarına və Mehriban xanıma son dərəcə böyük minnətdarlığımı bildirirəm. Onların bütün xidmətləri gələcək nəslə bəxş etdikləri yadigarlardır.
   Biz də muğama yeni həyat verənlərə və muğamın yolunda fədakarlıq göstərənlərə minnətdarıq. Bu minnətdarlıqdan Əlibaba müəllimə də pay düşür. Onun oxuduğu hər bir muğamda, mahnı və təsnifdə öz möhürü var. Təsadüfi deyil ki, onun yaratdığı ansambl «Humayun» adını daşıyır. Bu məhz onun ifası ilə bağlıdır. 40 ildən çoxdur ki, «Humayun» xalq çalğı alətləri ansamblı Əlibaba müəllimin rəhbərliyi ilə fəaliyyət göstərir.
   Əlibaba Məmmədovun zəngin repertuarının bir hissəsini onun öz bəstələri təşkil edir. O, 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun mahnıları yalnız özünün deyil, başqa sənətkarların da repertuarına daxil edilib. Xalq mahnısı adı ilə səslənən bu nəğmələr xalqın yaddaşına hopub, dillər əzbəri olub. Onlardan «Gəl bizə, yar”, “Beləyəm”, “Yaşa hələ” s. mahnıların adını çəkə bilərik. Bu mahnılar musiqi tədrisi proqramına daxil edilir. Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə və sənətşünaslıq namizədi Telman Qəniyev Əlibaba Məmmədovun 20 mahnısını nota köçürüb tədris vəsaiti kimi nəşr etdiriblər. Onlar ustadın növbəti mahnıları üzərində də işləyirlər. Əminik ki, Əlibaba müəllimin yaradıcılıq irsi daha geniş tədqiqat işlərinin mövzusu olacaq.
   Əlbəttə ustad sənətkar haqqında nə qədər xoş söz desək, yenə də azdır. Elə yaxşı olardı ki, ona ad günündə arzu və istəklərimizi sənətkarın S.Rüstəmin sözlərinə bəstələdiyi «Yaşa hələ» mahnısının misraları ilə çatdıraq:
   
   İlləri yola salmışam,
   Mahnı qoşub, saz çalmışam.
   Ömür deyir qocalmışam
   Ürək deyir yaşa hələ.
   
   Əziz Əlibaba müəllim, bu yalnız sizin ürəyinizin deyil, sizi sevən minlərlə pərəstişkarlarınızın ürəyindən keçən bir arzudur.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas