Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011”-də ölkəmizi təqdim edəcək ifaçının müəyyən olunması üçün milli final fevralın 11-də keçiriləcək. 
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək finalda beş ifaçı mübarizə aparacaq. Bunlar Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımovadır. Final yarışmasında beş ifaçının hər biri 4 mahnı təqdim edəcək.
   Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı hələ müəyyənləşməsə də, onun ifa edəcəyi musiqi nömrəsi üzrə müsabiqəyə artıq 60 mahnı təqdim olunub.
   İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildiriblər ki, Azərbaycandan əlavə, Türkiyə, İspaniya, Yunanıstan, Rumıniya, Avstraliya, İrlandiya, İsveç, Hollandiya, Norveç və Portuqaliyadan da bəstəkarlar mahnılar təqdim ediblər. Mahnıların qəbulu fevralın 10-da başa çatacaq. Bundan sonra münsiflər heyəti mahnılar arasında seçimin nəticəsini elan edəcək.