Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Almaniyanın Koblenz şəhərindəki Namedy qəsrində “Azərbaycan özünü təqdim edir - Azərbaycana ədəbiyyat və musiqi ilə səyahət” mövzusunda ədəbi-bədii, musiqili tədbir keçirilib.
   
   Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova və Alman-Azərbaycan Forumu sədrinin müavini Reza Talebi-Dəryani bu iki qurumun birgə əməkdaşlığı ilə təşkil edilmiş tədbirdə çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat veriblər.
   Gecənin musiqili hissəsində Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin mahnılarını opera müğənnisi Silke Hartstang Azərbaycan və rus dillərində məharətlə ifa edib. Fortepianoda müğənnini həmyerlimiz, Köln Ali Musiqi Məktəbinin dosenti Elnarə İsmayılova müşayiət edib. Elnarə İsmayılova həmçinin bəstəkarlarımızın solo əsərlərini ifa edib.
   Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şeirlərini, “Tıq-tıq xanım” nağılını, Qurban Səidin “Əli və Nino” kitabından parçaları dinləyiblər.
   Gecəni idarə edən Samira Patzer-İsmayılova tədbirin həyata keçirilməsinə maraq və kömək göstərdiyinə görə Namedy qəsrinin sahibəsi, şahzadə xanım Hayde von Hohenzollernə təşəkkürünü bildirib. Tədbirdə çoxlu sayda alman və azərbaycanlı qonaqlar iştirak ediblər.