Ən həzin nəğməsini də qəribə bir nikbinliklə oxuyur Mübariz. Adama elə gəlir ki, qüssə bu müğənninin nəfəsinə yaddır. Onun nəğmələrinə, səsinə yaxınlaşdıqca adamı heyrət bürüyür. Bir dəfə özündən soruşdum: «Hardandır sizdə bu qədər nikbinlik?!». «Yəqin mənim xarakterimdən irəli gəlir. Axı mən əvvəlcə idmançı olmuşam, üzgüçüydüm», - dedi.
İlk dəfə ondan müsahibəni ötən əsrin sonlarında almışdım. Söhbətimiz tutmuşdu. Xatirələr bizi çox uzaq olmayan, lakin əlimizin yetəcəyi müşkül sayılan bir diyara - qədim İrəvana apardı. Mübariz Tağıyev dünyaya bu şəhərdə göz açıb. Valideynləri ziyalı olub. Atası Hüseyn kişi musiqiçi, anası Rübabə Muxtar qızı jurnalist idi. Ailədəki mədəni mühit çox erkən Mübarizin mənəvi dünyasına təsir edib. Orta məktəbi bitirən ili Bədən Tərbiyəsi İnstitutuna daxil olsa da, burada təhsili başa çatdırmaq Mübarizə qismət deyilmiş. İkinci kursun yay imtahan sessiyasında Babayan adlı birisi açıq-aşkar ona bildirib: «Başa düşməlisən ki, sən burada oxumayacaqsan. Türk olasan, özün də erməni bölməsində təhsil alasan. Bu, mümkün deyil».
Mübariz nə qədər çalışsa da, bu şovinistlərlə söhbəti alınmır. Ermənilərin gözü dörd olmuşdu. «Axı bu, necə ola bilər? Türk onlarla bir auditoriyada təhsil alsın, idman məşğələlərinə getsin». O ağır günləri xatırlayan Mübariz köks ötürərək söyləyir: «Sonuncu söhbətdə mübahisəmiz çox gərgin hal aldı. Babayan mənə əl qaldırdı. Məcbur olub cavabını verdim. Artıq gözümə heç nə görünmürdü - nə institut, nə ali məktəb. Qarşımdakı əsl daşnak idi. Maraqlıdır ki, bu hadisəyə görə məni institutdan çıxarmadılar. O zaman qanunlar hələ işləyirdi. Rektor ehtiyatlandı ki, bu dava-dalaş milli məsələyə çevrilər. Elə onun özünü işdən atarlar. Bu səbəbdən də məni Pedaqoji İnstitutun Azərbaycan bölməsinə keçirdilər».
Mübariz Tağıyev yaradıcılığa rok üslubunda işləyən müğənni kimi başlayıb. O, ali məktəbi 1972-ci ildə bitirib. Bu o zaman idi ki, Mübariz Tağıyev Ermənistan dövlət estrada orkestrinin solisti kimi konsertlər verirdi. Görkəmli müğənnimiz Rəşid Behbudov İrəvana qastrol vaxtı Mübarizə qulaq asaraq onun səsini çox bəyənmişdi. Uzun müddət bu cavan oğlanın özünəməxsus avazı, şirin səsi böyük sənətkarı rahat buraxmırdı. Günlərin birində şəxsən Mübarizlə maraqlanıb. Öyrənib ki, gənc həmkarı Həştərxanda hərbi xidmətdədir. Böyük ürək sahibi olan və istedadlılara həmişə öz qayğısı ilə seçilən Rəşid Behbudov Həştərxana, hərbi hissəyə Mübariz Tağıyevə teleqram göndərərək onu Mahnı Teatrında işləməyə dəvət edib.
Bu xəbər Mübarizi çox sevindirib. Hərbi xidmət başa çatan kimi Bakıya gələn Mübariz Tağıyev Rəşid Behbudovla görüşüb. Həmin günləri indi də ehtiramla xatırlayan Mübariz Tağıyev söyləyir: «Əslində mən İrəvandan qaçmaq istəyirdim. Çünki burada qeyri-adi vəziyyət yaranmışdı. Doğrudur, işlədiyim kollektivdə mənə hörmət edirdilər. Bədii rəhbər Bakıda doğulub böyümüşdü. Təbiətində şovinistlik yoxu idi. Sözün həqiqi mənasında incəsənət adamı idi. Amma bütövlükdə mən hər addımda erməni «tələsini» hiss edirdim. Elə ki konsert olurdu, qəribə «təsadüflər» baş verirdi. Konsertin şirin yerində qəfildən projektor qopub düşürdü yanıma. Bu ssenari bir neçə dəfə təkrarlandı. Heç yadımdan çıxmaz. Abovyan şəhərində konsert verirdik. Oranın sakinləri əsasən xaricdən gələn ermənilər idi. Mən Azərbaycan xalq mahnısını oxudum. Allah, əməlli-başlı fırtına qopdu. Ümumiyyətlə, bütün konsertlərim başağrısı ilə sona yetirdi. Hər konsertdən mən evə pəjmürdə qayıdırdım. Bütün alqışların sonu xoşagəlməz hadisələrlə bitirdi. Bu müqavimətləri yarmaq çox çətin idi. Mən isə oxumaq istəyirdim. Arzum professional müğənni olmaq idi. Amma İrəvanda yaşamağın, xüsusilə ifaçılıqla məşğul olmağın mənasızlığını duymuşdum. Ona görə də Rəşid Behbudovun dəvəti mənim üçün bir ilahi çağırış idi. Dəvəti məmnuniyyətlə qəbul etdim. Bir faktı da demək istərdim. Ermənistan dövlət orkestrinin 40 illik tarixində cəmi iki azərbaycanlı üzvü olub. Dahi Rəşid bəy və mən».
Beləliklə, Rəşid Behbudov erməni təzyiqlərindən əziyyət çəkən gənc müğənninin taleyində yaşıl işıq yandırdı. On iki il Rəşid Behbudovla birlikdə işləyən Mübariz Tağıyev, özü demişkən, əsl sənət məktəbi keçdi. Azərbaycan televiziyasında debütü 1985-ci ildə Faiq Sücəddinovun Nəbi Xəzrinin sözlərinə yazdığı «Mavi göyərçin» mahnısı olub. Mübarizi çoxmilyonlu televiziya tamaşaçısına Xalq artisti, bəstəkar Tofiq Quliyev təqdim etdi. Unudulmaz Tofiq Quliyev Mübariz Tağıyev haqqında dəyərli fikirlər söylədi. O gündən başlayaraq Mübariz Tağıyev Azərbaycan musiqisinin yaddaqalan və sevilən ifaçılarından birinə çevrildi.
Bir müddət teleradio şirkətinin səsyazma evində direktor olan Mübariz Tağıyev müxtəlif verilişlərin aparıcısı kimi də diqqət çəkdi. Hətta bir arada telejurnalist kimi də fəaliyyət göstərdi. Bir sıra mahnı müsabiqələrinin münsifi olan Mübariz Tağıyevin Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidməti var. Onun bu sahədəki əməyi müxtəlif fəxri adlarla, təltiflərlə mükafatlandırılıb.
Xalq artisti Mübariz Tağıyevlə söhbət zamanı söylədiyi xatirələr bizi də riqqətə gətirdi: «İlk mənəvi ağrını uşaq vaxtı - 1964-cü ildə almışam. İrəvanda evimizin yanındakı məscidi sökdülər. Məhəlləmizdə qalan sonuncu məscid idi. Nənəm Humayın göz yaşları yadıma düşəndə indi də ürəyim göynəyir. Həmin yerdə lənətə gəlmiş Andranikin heykəlini qoydular. Uzun müddət bu ağrı sinəmi tərk etmədi. İndi də yadıma düşəndə... Ən dəhşətlisi odur ki, bu gün bu qədim türk şəhərində bir soydaşımız da yoxdur. Ürəyimi isidən xoş bir xatirəm də Heydər Əliyevlə bağlıdır. Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında yurdumuzun adlı-sanlı qadınları ilə görüş keçirilirdi. O təntənəli gündə mənim də qismətimə oxumaq nəsib oldu. Ümummilli lider Heydər Əliyev də məclisdə iştirak edirdi. Varlığımı unutmuşdum. Könlümdən qopan haraya qoşularaq haralaracan qanadlanmışdım, bilmirdim:
Qalx, qalx, ulu torpaq.
Qalx, qalx, ulu bayraq,
Qalx, qalx, sən ey mərd xalq,
Yer titrəsin məhvərindən!
Mahnı sona yetəndən sonra Heydər Əliyev bizimlə görüşdü. Ulu öndərin «gözəl oxudun, çox gözəl, sağ ol» sözləri mənə dünyanı bağışladı.
Ən şən, ən nikbin mahnısının ahəngində gizlicə duyulan bir qəm var. Özü isə belə deyir: «Mən heç vaxt qəmli oxumaq istəmirəm. İnanın, ovqatımın ən pis halında belə kədərə, qəmə meydan oxumaq istəyirəm. Mənə elə gəlir ki, insan həmişə dərdə, qəmə üstün gəlməyi bacarmalıdır. İstəyirəm ki, mənə qulaq asan hər kəsin könlünə bir yüngüllük gətirim. Bacardıqca nəğmələrimlə onu ağrı-acıların əlindən xilas edim. Ümidə, inama qovuşdurum. Hər gecənin bir günəşli səhəri var. Könlümü nəğməyə verəndən həmişə insanları bu günəşli səhərə səsləmək istəmişəm. Mənə deyirlər ki, səsimin ahəngində qəm var. Bəlkə də bu səsin öz libasıdır, mən nə deyim. Mən insanlara qəm bağışlamaq, onları kədərləndirmək istəmirəm».
Azərbaycan estradasında özünəməxsus yeri olan Xalq artisti Mübariz Tağıyev mahnı janrımızın inkişafında fədakarlıq göstərən ustad sənətkardır. Bir vaxt titrək addım və səslə sənət dünyasına gələn Mübariz Tağıyevin böyük məharətlə saldığı yolda ardıcılları gəlir! Mübariz səsinin maqnit gücü hələ çox zirvələr fəth edəcək. Əslində məlahətli səs heç vaxt itmir, hardasa sona yetmir. Sözə qoşularaq heykəlləşir, abidələşir və yaşayır. Bu yaşayan və yaşadan avazın sahibi Mübariz Tağıyevin büllur libaslı səsi kimi...
Flora Xəlilzadə,
yazıçı-publisist