Martın 14-də R.Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsinin açılış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev son illər mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışdı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il müxtəlif müsabiqələrin gerçəkləşdiyini deyən şöbə müdiri budəfəki müsabiqədə 10 musiqi aləti üzrə 97 şagirdin iştirak etdiyini vurğuladı.
   Regionlarda uşaqların nəfəsli və zərb alətlərinə marağının artırılması istiqamətində birgə səylərin göstərilməsinin vacibliyini qeyd edən Y.Əliyev musiqi müəllimlərinə, məktəb direktorlarına bu işdə uğurlar arzuladı. Sonra o, müsabiqə qaydaları haqqında məlumat verdi. Qeyd olundu ki, müsabiqə 4 gün davam edəcək. Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi münsiflər heyətinin tərkibinə respublikanın tanınmış musiqiçi və müəllimləri daxil edilib.
   Tədbirdə çıxış edən Boris Niçkov Azərbaycanda olmasından, belə bir müsabiqədə münsiflər heyətinin tərkibində olmasından məmnunluğunu ifadə etdi, iştirakçılara uğurlar arzuladı. Sonra müsabiqəyə start verildi.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən müsabiqə respublikada nəfəs və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Martın 17-dək davam edəcək müsabiqə fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, ksilofon, vibrofon, kiçik təbil və s. alətlər üzrə iki yaş qrupunda keçirilir. Müsabiqə I qrup (10-13 yaş) üzrə bir turdan, II qrup (14-17 yaş) üzrə iki turdan ibarətdir.
   
   Ceyhun