Martın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (“Kapelhaus”) II Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilib. “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeş musiqiçiləri iştirak edirlər.
Məlumat verilib ki, II Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif Babayev, UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman, amerikalı alim Uilyam Samits və iranlı bəstəkar, musiqişünas Ehsan Xezrlou daxildir.
Azərbaycanı festivalda 5 ifaçı - Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Nişanə Baxışova təmsil edəcəklər. Sonra püşkatma mərasimi keçirilib. İlk çıxış Özbəkistan musiqiçilərinə nəsib olub.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Novruz bayramı ərəfəsində keçirilən bu əlamətdar tədbirin özəlliklərindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Müsabiqənin açılışı və ilk dinləmələr martın 18-də Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək. Müsabiqənin 1-ci günündə ölkəmizi iki ifaçı təmsil edəcək, ümumilikdə isə 6 musiqiçi dinləniləcək. Muğam ifaçılarının beynəlxalq müsabiqəsi martın 20-dək davam edəcək.