Xəbər verdiyimiz kimi, respublikada nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il martın 14-17-də Bakıda Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi keçirilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş müsabiqə fleyta, qoboy, klarnet, truba, trombon, valtorna, tuba, saksofon, zərb alətləri ixtisasları üzrə iki yaş qrupunda keçirilib. Müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərindən, Abşeron, Hacıqabul, Füzuli, Quba, Qusar, Sabirabad, Samux rayonlarından, Naxçıvan Muxtar Respublikasından 100-ə yaxın şagird iştirak edib.
Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən 24 gənc ifaçı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüb. Münsiflər heyətinin qərarı ilə Bakı şəhər Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi, L. və M. Rostropoviçlər adına 21 və 24 nömrəli onbirillik musiqi məktəblərinin, Gəncə şəhər F.Əmirov adına 1 nömrəli və Naxçıvan Muxtar Respublikası Şərur rayon Çərçiboğan kənd uşaq musiqi məktəblərinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının müəllim və konsertmeysterləri diplom, fəxri fərman, pul mükafatı ilə təltif olunublar.
Müsabiqə qaliblərinin yekun konserti aprelin 1-də saat 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.