Aprelin 2-dən 8-dək Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində elmi konfrans, həmçinin dünyanın tanınmış musiqiçilərinin konsertləri təşkil olunacaq. Festivalın açılışı aprelin 2-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Festivalda Gürcüstan, Böyük Britaniya, Avstriya, Almaniya, Ukrayna, İsveçrə və digər ölkələr iştirak edəcəklər.
Tədbirlər Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Kamera və Orqan Musiqisi Zalı, Muzey Mərkəzi, Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Festivalın təntənəli bağlanış mərasimi aprelin 8-də olacaq. Qeyd edək ki, XX əsrin sonlarında Bakıda dahi bəstəkar Qara Qarayev adına 3 beynəlxalq musiqi festivalı keçirilmişdi. Festivalların proqramı olduqca zəngin olmuş və dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdı.