Aprelin 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakıda keçirilən Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində “Zamanla üz-üzə” adlı konsert proqramı olub. Tədbirdə Qara Qarayev adına Dövlət kamera orkestrinin müşayiəti ilə dünya musiqi sənətinə töhfələr vermiş məşhur bəstəkarların əsərlərindən nümunələr ifa edilib. İki hissədən ibarət konsertdə Arnold Şönberqin simli kvartet üçün bəstələri, Toru Takemitsunun “A.Tarkovskinin xatirəsinə nostalgiya”, Aleksandr Raskatovun “Xenia” əsərləri səslənib.
   Konserti ukraynalı dirijor Vladimir Runçak idarə edib. Solo partiyaları tanınmış Avstriya müğənnisi Kaoko Amano və isveçrəli skripka ustası Patrisiya Kopatçinskaya ifa ediblər. Tamaşaçılar orkestrin çıxışını alqışlarla qarşılayıblar.