Sidqi Mustafayev: “İrs”ə ömrümün yarısını vermişəm”
   
   1976-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının iki tələbəsi çay evində oturub qədim musiqi alətlərinin, unudulmuş musiqilərimizin bərpası barədə söhbət edəndə bəlkə ağıllarına da gəlməzdi ki, günün birində bu fikirlərindən bir ansambl yaranacaq və o, uzun illər dünyanı gəzərək Azərbaycanın musiqi irsini tanıdıb təbliğ edəcək. “İrs” adını daşıyacaq folklor qrupunun üzvləri eyni zamanda neçə-neçə qədim alətlərin bərpasına nail olacaq, unudulmuş musiqilərimizi yenidən səsləndirəcəklər... 
   
   Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” folklor ansamblının yaradıcılarından biri və rəhbəri Sidqi Mustafayevdir.
   - Sidqi müəllim, “İrs”in yaranmasını necə xatırlayırsınız?
  
 - “İrs” folklor qrupunun yaranması mənim tələbəlik illərimə təsadüf edir. Mən Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsində, tələbə yoldaşım Rəşid Nəsiboğlu ilə bəstəkarlıq şöbəsində təhsil alırdıq. Tez-tez qədim musiqi alətlərimiz, unudulmuş musiqilərimizin bərpası barədə söhbətlər edərdik. Beləcə qədim musiqi alətlərindən ibarət ansambl yaratmaq qərarına gəldik. Bir dəfə orta əsrlərin böyük musiqişünas alimi (1353-1436) Əbdülqadir Marağayi haqqında kitabda onun tərəfindən tərtib edilən qədim musiqi folkloru haqında məlumatlar əldə etdik, orada yaddan çıxmış musiqi alətlərin şəkillərini gördük. Bu barədə musiqi alətləri ustaları ilə danışdıq və ilk olaraq çahartar alətinin hazırlanmasına nail olduq. Tədris prosesində bu sahəyə maraq göstərən yeniyetmə və gəncləri öz ətrafımıza topladıq. Beləcə tədricən qrup formalaşmağa başladı. Məşqlərimizi Rəşid müəllimin evində aparırdıq. Həmin vaxt biz Konservatoriyanın tələbəsi ola-ola, həm də A.Zeynallı adına Musiqi Məktəbində dərs deyirdik. 1976-cı ilin oktyabr-noyabr aylarından davamlı olaraq qrup halında bu işlə məşğul olmağa başladıq.
   - Necə oldu ki, bir neçə tələbənin yaratdığı qrup sovet dövründə dövlət səviyyəsində keçirilən tədbirlərə “ayaq açdı”?
   - İlk illərdə qrupun tərkibi əsasən tələbələrdən ibarət idi. Bizim məşqlərimizə ədəbiyyatşünaslar, ziyalılar böyük maraq göstərirdilər. Bir dəfə Bakı şəhər Mədəniyyət şöbəsinin rəhbərliyi bizim fəaliyyətimizlə maraqlandı. “Aktyorlar evi”ndə rəsmi şəxslərin, ziyalıların iştirakı ilə konsertimiz təşkil olundu. Tofiq Quliyev, Bəxtiyar Vahabzadə orada iştirak edirdilər. Fəaliyyətimiz çox bəyənildi. Sonradan biz davamlı olaraq tədbirlərə dəvət aldıq. SSRİ-nin müxtəlif şəhərlərində, İtaliyada, Türkiyədə, Çexoslovakiyada, İsveçdə, İranda və digər ölkələrdə müxtəlif proqramlarla çıxışlar etdik.
   - Bu il “İrs” folklor qrupunun 35 yaşı tamam olur. Qrup bu illərdə Azərbaycan mədəniyyətinə nə verib?
   - “İrs” folklor qrupunun yarandığı gündən bir məqsədi olub - yaddaşlarda yaşayan qədim el havalarını, xalq musiqisi örnəklərini, musiqi alətlərini, meydan-tamaşa oyun və məzhəkələrini axtarıb tapmaq, toplamaq, bərpa etmək və gələcək nəsillərə çatdırmaq. Düşünürəm ki, ötən illərdə buna müəyyən dərəcədə nail ola bilmişik. Fəaliyyəti dövründə qrup Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan «Almanı alma, gəlin», «Əylən, gəlin», «Ruhani», «Azaflı dübeytisi», muğamlardan «Çahargah», «Nəva» musiqili kompozisiyası, meydan tamaşalarından «Toyuq aparan», «Qaravəlli» və s. bərpa edib. Ötən illərdə 20-dək qədim musiqi alətimiz bərpa edilib. Ən əsası qrup olaraq qədim milli musiqimizi, folklorumuzu dünyanın müxtəlif ölkələrində təbliğ etmişik. Buna görə “İrs” bir çox mükafat və fəxri fərmanlarla təltif olunub. Bu il isə 70 yaşım və qrupun fəaliyyətinin 35 illiyi münasibətilə “Avropa” nəşr evi tərəfindən xüsusi medalla təltif edilmişik. Qrup yarananda 35 yaşım vardı. Xoşbəxtəm ki, milli folklorumuzu təbliğ edən “İrs”ə ömrümün yarısını həsr etmişəm.
   1992-ci ildən etibarən «İrs» qrupu AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir. Qədim mahnıların bərpası prosesi zamanı biz notları arxivlərdən tapırıq. Alimlərlə, folklorşünaslarla əməkdaşlıq edirik. Beləcə unudulmuş musiqilər bərpa olunur. Hazırda qrupun 18 üzvü var. 35 ildə qrup üzvlərindən bir qismi sənətini dəyişib. Ansamblda fəaliyyət göstərmək üçün gərək bu alətlərin vurğunu olasan. Musiqi məktəblərində bu sahəyə maraq göstərən uşaqları aşkar edən kimi buraya cəlb edirik
   - Qrup aşıq musiqisinin muğamla sintezinə də nail olub...
   - Aşıq musiqisinin muğamla bağlılığı var. “İrs” çox zaman aşıq musiqisini muğamla sintez edərək təqdim edir. Folklor nümunələrində çox gözəl qədim mahnılarımız var. “İrs” ansamblı olaraq bu mahnılar üzərində işləyir, yenidən xalqa təqdim edirik. Biz eyni zamanda Azərbaycanın milli geyimlərini də təbliğ edir, konsertlərdə bu geyimlərdə (çuxa, papaq və s.) çıxış edirik. Qrupun fəaliyyəti milli ruhu yaşatmaq və təbliğ etmək üzərində qurulub. Arzum odur ki, dünyasını dəyişən Rəşid Nəsiboğlu ilə birgə yaratdığımız “İrs” folklor qrupu ansamblı daima yaşasın. Qədim musiqilərimizin, alətlərimizin bərpası işi davamlı şəkildə aparılsın.
   
   Ceyhun Zərbəliyev