Alim Qasımov və Fərqanə Qasımova növbəti qastrol səfərlərindən qayıdıblar
   
   Dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova növbəti qastrol səfərlərindən qayıdıblar. Muğam ustalarımız mayın 10-da Almaniya paytaxtındakı Berlin Filarmoniyasında «Kronos» kvarteti ilə birgə konsert veriblər. Növbəti konsertlər mayın 13-14-də Böyük Britaniyanın Qlazqo şəhərində (Şotlandiya) gerçəkləşib. 
      
   Konsertlər barədə qəzetimizə məlumat verən F.Qasımova bildirdi ki, «Kronos»la birgə hazırlanan proqram bu dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb: «Konsertlər «Ağaxan» fondu tərəfindən təşkil olunmuşdu. Berlin Filarmoniyasında «Kronos» kvarteti ilə konsert uğurlu keçdi. «Kronos»la xüsusi proqram hazırlamışdıq. Yarım saat onlar çıxış etdilər, sonra yarım saat biz öz repertuarımızdan musiqi təqdim etdik, daha sonra isə kvartetlə birgə bir saatlıq çıxışımız oldu. Konsert çox gözəl qarşılandı. Bu proqramı daha öncə Paris və Londonda təqdim etmişdik, növbəti çıxışımız Almaniyada oldu».
   
   Qlazqoda «Şur dəsgahı»
   
   Qlazqo şəhərində sənətkarlarımız «Concert Hall»da keçirilən ilk konsertdə yalnız özləri çıxış ediblər. Ertəsi gün isə «Kronos» kvarteti ilə birgə «City Halls» konsert proqramı təqdim edilib: “Qlazqoda “Şur dəsgahı” adlı konsertimiz bir saat davam etdi. Çıxışımız çox gözəl qarşılandı, konsert bitən kimi insanlar ayaqüstə bizi alqışladılar. «Kronos»la birgə konsertimizdən də tamaşaçılar zövq aldılar. Təsəvvür edin, «Kronos»un öz pərəstişkarları, bizim öz tamaşaçılarımız var. Lakin bu sintez onlar üçün çox maraqlı oldu. Çox adam soruşurdu ki, necə oldu, belə bir layihə hazırlamaq fikrinizə gəldi? Bizim musiqi ilə onların musiqisinin ahəngliyi çox gözəl alındığından hamının diqqətini çəkdi».
   F.Qasımova bildirdi ki, «Kronos»la birgə layihə artıq iki ildir ki davam edir. Layihənin davamlı olması isə, onun uğurlu alınması ilə bağlıdır. «Kronos» Azərbaycandan əvvəl, Hindistan, Əfqanıstan, Çin və digər Şərq ölkələri ilə layihələr hazırlayıb. Bu kvartet Şərq ölkələri ilə təmasda olub, onların musiqiləri ilə bağlı layihələr hazırlamaqdan məmnundurlar. Hər zaman yenilik axtarışında olan musiqisevərlər «Kronos»un Şərq musiqi alətləri ilə sintezini çox bəyənir. Azərbaycan musiqisi ilə sintez də çox maraqla qarşılanır: “Qlazqodakı konsert zamanı tamaşaçıların hamısı yerli əhali idi. Yalnız iki nəfər azərbaycanlı konsertimizə gəlmişdi. Amma gecikdiklərindən konsertə buraxılmadılar. Hava bərk soyuq idi. Lakin bu soyuğa rəğmən onlar konsert bitənə qədər bizi küçədə gözlədilər. Konsertdən sonra Alim müəllimlə görüşüb, şəkil çəkdirdilər. Onların vətənpərvərliyini görüb, çox fərəhləndim».
   Muğam ustalarımız artıq yeni qastrol səfərlərinə də hazırlaşırlar. Onların növbəti çıxışları Amerika və Kanadada olacaq. Bu konsertlərdə onlar yalnız özləri çıxış edəcəklər.
   
   Azərbaycan muğamı və Afrika musiqisinin sintezi
   
   Fərqanə xanım Alim Qasımovun yeni layihəsi barədə də məlumat verdi. Ustad sənətkar bu dəfə pərəstişkarlarını Afrika musiqisi ilə bağlı layihəsiylə sevindirəcək: “2005-2006-cı illərdə Afrikanın Mali ölkəsindən Basiko adlı bir musiqiçi öz qrupu ilə Bakıya gəlmişdi. 20 gün burada qaldılar, gözəl proqram hazırladılar. Alim müəllimlə öz musiqilərini sintez etdilər və çox gözəl alınmışdı. Alim müəllim o layihənin gerçəkləşməsini çox istəyir. Qarşıda malililərlə bir konsert gözlənilir».
   Qeyd edək ki, sənətkarlar Berlində olarkən konsertlə yanaşı, ustad dərsləri də veriblər. İkigünlük ustad dərslərinin birinci günündə tələbələr üçün Azərbaycan muğamının tanıdılması, təbliği ilə bağlı dərs keçiblər. Növbəti günün dərsləri isə musiqiçi və musiqişünaslar üçün olub.
   
   Gülər Nizamiqızı