1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür
   
   Uşaq hər bir evin, ailənin sevincidir. Bu sevincin dadını onu yaşayanlar daha yaxşı bilirlər. Bəs görəsən, uşaqlardan ilham alıb böyük yaradıcılıq yolu ilə addımlamaq nə dərəcədə sevinclidir? Sevimli bəstəkarımız, Xalq artisti Oqtay Zülfüqarovla söhbətə də bu mövzudan başladıq. O, uşaqlara sevgisini belə ifadə etdi:
      
   - Uşaq dünyası həmişə məni özünə cəlb edib. Yaşımın üstünə yaş gəldikcə mən uşaq aləminə daha da yaxın olurdum. Məsələn, 9-10 yaşında olarkən 4-5 yaşlı uşaqlarla oynamağa daha çox üstünlük verirdim. İllər keçdi, yaşa dolurdum, amma həmişə ürəyim uşaq sevinci ilə döyünər və özümü uşaq dünyasından ayıra bilməzdim. Elə indi də belədir. Bir günüm də uşaqlarsız keçmir. Əgər keçsə də elə bilirəm ki, həmin gün nə isə itirmişəm. Uşaqlarla belə sıx ünsiyyətdə olmağım sanki mənim gələcək taleyim, yəni bugünkü sənət yolum üçün bir körpü idi. Çünki o məhəbbət məni sənətdə də tərk etmədi. Bir sözlə, uşaq aləmindən heç vaxt ayrıla bilmədim və bilmirəm də. Onlar doğrudan da mənim ilham mənbəyimdir. Mənim yaradıcılığımın əsas qayəsi məhz uşaqlardır, onlarsız sənətimi təsəvvür edə bilmirəm.
   Bu, ömrünün 82-ci baharını yaşayan qocaman bir sənətkarın fikirləridir. O, danışdıqca üz-gözündə uşaq gülüşünə bənzəyən bir təbəssüm yaranır. Yaşının bu müdrik çağında da o, uşaqlarla işləməkdən doymur, usanmır. Amma onu da nəzərə almaq lazımdır ki, uşaqlarla işləmək elə də asan deyil. Çünki uşaqlar çox incə qəlbli varlıq olduqlarından onlarla çox həssas davranmaq lazımdır. Yalnız belə olan halda onlara nə isə öyrətmək və onlarla işləmək mümkündür.
   Oqtay müəllim də bu fikirləri bölüşür:
   - Siz haqlısınız. Uşaq aləmi çox zəngin və mürəkkəbdir. Odur ki, onlarla dil tapmaq da çox çətindir. Bunun üçün ən vacib olan iki amil var. Bunlardan biri sevgi, digəri isə səbrdir. Uşaqları sevdikcə həm onların ürəyinə yol tapa bilirsən, həm də onlarla təmkinlə davranırsan. Bu zaman uşaq da səni sevir, yəni sənə meyli artır və dediklərini mənimsəməyə başlayır. Bundan sonra isə iş qalır pedaqoji təcrübəyə. Fürsətdən istifadə edib gənc müəllimlərimizə də üz tutub demək istərdim ki, ilk növbədə çalışıb uşaqların sevimlisi olsunlar. Belə olduqda onlarla uşaqlar arasında böyük səmimiyyət, doğmalıq yaranacaq və öyrətdiklərinin müqabilində uşaqlardan uğurlu nəticələr əldə edəcəklər. Uşaqla sərt davrandıqda isə o, səndən uzaqlaşar. Beləliklə də nə o öyrənmək istəyər, nə də sən öyrədə bilərsən. Mən belə düşünürəm. Əslində mən bu dediklərimi daim öz təcrübəmdə həyata keçirmişəm.
   Hörmətli sənətkarımız Oqtay Zülfüqarovun bu dedikləri əsil tövsiyədir. Əminik ki, gənc pedaqoqlar belə dəyərli tövsiyələrdən bəhrələnərək “uşaqlar bizim gələcəyimizdir” kəlamını öz əməlləri ilə doğrulda bilərlər.
   Bu yerdəcə bir maraqlı məqama da toxunmaq istəyirəm. Bu da Oqtay müəllimin doğum tarixi ilə bağlıdır. Belə ki onun anadan olduğu gün, yəni 31 may uşaqların bayramı ilə sanki üst-üstə düşür. Bu tarixlərin yaxın olması da bəstəkarı çox sevindirir. Bu barədə o belə deyir:
   - 1 iyun “Uşaqların beynəlxalq müdafiə günü” elan olunanda mən buna çox sevindim. Hesab etdim ki, bu da mənim ad günümün davamıdır.
   Sevimli bəstəkarımız Oqtay Zülfüqarovla onun uşaqlara məhəbbətindən, onlarla iş prosesi ilə bağlı söhbət etdik. İndi isə bir qədər bəstəkarın həyat və yaradıcılığına nəzər salaq.
   Uşaqlıqdan musiqiyə həvəsi, yüksək musiqi duyumu olan Oqtay Zülfüqarov 1947-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun violonçel sinfinə daxil olur. Burada məşhur musiqiçi A.Şvartsdan dərs alır. Violonçel ifaçılığı ilə bərabər, bəstəkarlıqla da məşğul olur. Violonçel üçün pyeslər və bir neçə mahnı yazır. Hətta 1949-cu ildə keçirilən mahnı müsabiqəsində laureat olur.
   Sonra Dövlət Konservatoriyasının violonçel sinfinə daxil olur. İmtahanda öz əsərlərindən birini də ifa edir. Bəstəkar o hadisəni belə xatırlayır: “İmtahan komissiyasının sədri görkəmli bəstəkar Cövdət Hacıyev idi. O, biləndə ki, mən violonçel üçün əsərlər yazıram, onlardan birini ifa etməyimi təklif etdi və əsərimi də çox bəyəndi”.
   Oqtay Zülfüqarov III kursdan təhsilini bəstəkarlıq sinfində davam etdirərək dünya şöhrətli sənətkarımız Qara Qarayevdən dərs alır. O, bəstəkarlıq texnikasına yiyələndikcə musiqinin müxtəlif janrlarına müraciət edir. Əsərlərindən violonçel üçün pyeslər, trio, fortepiano üçün prelüdlər, variasiyalar, «İntizar» simfoniyası, digər simfonik əsərlər, «Şəngülüm, Şüngülüm, Məngülüm» operettası, «Meşə nağılı», «Pişik və sərçə» operalarını, “Məlikməmməd” nağılı əsasında yazdığı «Sehirli alma» baletini və başqalarının adını çəkə bilərik. Bu əsərlərin əsas qayəsini uşaq mövzusu təşkil edir.
   Bəstəkarın 300-ə qədər uşaq mahnısı var. Bunlardan «Ovçu oğlan», «Dumbulumu çalaram», «Rəssam», «Növbətçiyik», «Kuklam», «Nə əzizsən, vətən», «Əziz ana, can ana» və başqalarının adını çəkə bilərik. Adından da göründüyü kimi, bu mahnılar müxtəlif mövzuları əhatə edir. Körpələr bu mahnıları oxumaqla ana, vətən, təbiət, gözəllik, məktəb, müəllim və s. bu kimi mətləbləri daha dərindən mənimsəyə bilirlər. Bu da onların inkişafına müsbət təsir göstərir. Bu mahnıların sözləri və musiqisi uşaqların yaş dövrünə görə elə tənzimlənir ki, körpələr onu öyrənməyə çətinlik çəkmirlər. Belə ki bu cəhətləri bəstəkar əvvəlcədən nəzərə alır. Sadə musiqi quruluşu və gözəl, yaddaqalan melodiyaya əsaslanan mahnıları uşaqlar olduqca yaxşı mənimsəyə bilirlər. Özü də bu mahnıları uşaqlara Oqtay müəllim şəxsən özü öyrədir.
   Bu da onun yalnız bəstəkar və müəllim kimi deyil, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan bir ictimai xadim kimi də yüksək fəaliyyətindən soraq verir. Bir halda ki, söz Oqtay müəllimin ictimai fəaliyyətindən düşdü, onda qeyd etməliyik ki, o, 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. İttifaqın bütün tədbirlərində çox fəal iştirak edir. Onun təklifləri, tövsiyələri gənc bəstəkarlar və musiqişünaslar üçün çox dəyərlidir.
   Sevimli bəstəkarımız öz xidmətləri ilə daim sənətsevərlərin böyük məhəbbətini qazanıb. Bu xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1972-ci ildə Əməkdar incəsənət xadimi, 1990-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2010-cu ildə isə anadan olmasının 80 illiyi münasibəti ilə «Şöhrət” ordeni ilə təltif edilib.
   Maraqlı həyat və yaradıcılıq yolu keçən Oqtay Zülfüqarov söhbətimizin sonunda onun üçün unudulmaz olan bir hadisəni xatırladı. Biz də onu qələmə almağı özümüzə mənəvi borc saydıq. Çünki bu dahi Üzeyir bəylə bağlı bir əhvalatdır. Beləliklə, Oqtay müəllimin dediklərindən:
   - Mənim həyatımda elə bir hadisə olub ki, onu heç vaxt unuda bilmərəm. Bəlkə də məni sənətdə yaşadan bu unudulmaz hadisədir. Bu mənim Üzeyir bəylə görüşümdür. 1947-ci il idi. Mən musiqi texnikumunda oxuyurdum. Bu tədris ocağı da o zaman konservatoriyanın binasında yerləşirdi. Bir gün dəhlizdə Üzeyir bəyi gördüm. Özümdə cəsarət toplayıb, ona yaxınlaşdım. Salam verdim. O da böyük məmnuniyyətlə mənimlə salamlaşıb, bir qədər söhbət etdi. Dediyi bu sözlər indi də qulağımdan getmir: «Yaxşı oxuyun, siz bizim gələcəyimizsiniz».
   İndi isə mən üzümü bizim uşaqlarımıza, gənclərimizə tutub deyirəm ki, «Balalarım, siz bizim gələcəyimizsiniz. Siz daim mənim ilham mənbəyim olmusunuz. Tanrı sizi qorusun!»
   Biz də sonda Oqtay müəllimi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq. Onun maraqlı söhbətləri, tövsiyələri, ən başlıcası isə sənət yolu bizim üçün örnəkdir. Çünki Oqtay Zülfüqarov bəstələdiyi musiqisi, qələmə aldığı bədii mətnləri, çəkdiyi rəsmləri, pedaqoji fəaliyyəti, səmimi insani keyfiyyətləri ilə əsil vətəndaş və şəxsiyyət nümunəsidir.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar