Milli musiqi sənətimizin inkişafında misilsiz xidmətləri olmuş dahi Üzeyir Hacıbəyli görkəmli pedaqoq kimi bir çox sənətkarların yetişməsində mühüm rol oynayıb. Böyük bəstəkar və müəllimin yetirmələrindən biri də bu gün xatirəsini andığımız Hacı Xanməmmədovdur.
   
   Bu bəstəkarın Azərbaycan musiqi mədəniyyəti tarixində öz yeri, dəst-xətti var. O, sakit təbiətli, mehriban çöhrəli, səmimi bir insan idi. Dəfələrlə Hacı müəllimlə müsahibələrimiz olub. Azərbaycan radiosunda hazırladığım verilişlərin bir çoxunda Hacı müəllimin səsi və sözü var. İndi həmin lent yazılarından birini dinləyir və Hacı müəllimin dediklərini qələmə alıram. O, dahi Üzeyir bəyi xatırlayır:
   «1933-cü il idi. Doğulduğum Dərbənd şəhərində (H.Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənddə anadan olub - S.T.) orta məktəbi bitirib Bakıya gəldim. Musiqiyə böyük həvəsim vardı. Xüsusən də tara. Sənədlərimi A.Zeynallı adına Musiqi Texnikumuna verdim və daxil oldum. Günlərin birində xoş təsadüf baş verdi. Üzeyir bəy mənim ifama qulaq asdı. Çox razı qaldı. Elə həmin gündən də məni gözdən qoymurdu. Dərslərimlə, həyat tərzimlə maraqlanırdı. Hətta mənə maddi cəhətdən kömək edirdi. Bir sözlə, ondan əsil atalıq qayğısı görmüşəm. Üzeyir bəy mənə çox kömək edib. Məni xalq çalğı alətləri orkestrinə, simfonik orkestrə işə qəbul edib, konservatoriyada təhsil almağıma şərait yaradıb. Mən bir bəstəkar kimi yetişməyimdə Üzeyir bəyə daim minnətdaram. Onu hər gün, hər an xatırlayıram».
   Bəli, biz də Üzeyir bəyin ruhuna hər gün, hər an minnətdarıq ki, o, Hacı Xanməmmədov kimi bəstəkarlar yetişdirib.
   Dahi şəxsiyyətin tövsiyələrindən bəhrələnən Hacı Xanməmmədov musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli əsərlər yazıb-yaradıb. Bunlardan bəstəkarın tar ilə simfonik orkestr üçün 5 konsertini, kamança ilə simfonik orkestr üçün konsertini, orkestr pyeslərini, «Sülh uğrunda» kantatasını, çoxlu sayda mahnı və romanslarını, «Bir dəqiqə» musiqili komediyasını və başqalarını misal göstərə bilərik. Bütün bu əsərlərin və ümumiyyətlə Hacı Xanməmmədov yaradıcılığının bir əsas məğzi var. Bu da xalq musiqisindən rişələnən, klassik ənənələrə əsaslanan yazı texnikasıdır. Bəstəkar əsərlərini klassik Avropa musiqisi üslubunda yazmasına baxmayaraq, onlarda əsas aparıcı mənbə xalq musiqisidir. Onun tar və kamança ilə simfonik orkestr üçün konsertləri buna misaldır. Onu da qeyd etməliyik ki, bu ideyanı ona müəllimi Qara Qarayev təklif etmişdir. Bu yerdə bir haşiyə çıxaraq demək istərdik ki, Hacı Xanməmmədov bəstəkarlıq üzrə təhsil almaq üçün 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq burada əvvəlcə Boris Zeydmandan, sonra isə Qara Qarayevdən dərs alıb. Onun xalq musiqisinə yaxşı bələd olduğunu və mahir tar ifaçısı olduğunu bilən Q.Qarayev tar ilə simfonik orkestr üçün konsert yazmasını təklif edir. H.Xanməmmədov bu konserti diplom işi kimi qələmə alsa da, onu sənətkarlar çox yüksək qiymətləndirirlər. Konsertin ilk ifaçısı Əhsən Dadaşov olur.
   Q.Qarayev bu konserti yüksək qiymətləndirərək yazırdı: «Bu əsərin mühüm əhəmiyyəti bir də ondadır ki, Şərqin ən populyar musiqi aləti olan tar ilk dəfə böyük simfonik orkestrin müşayiəti ilə əsas aparıcı kimi çıxış edir. Tara mənsub olan mürəkkəb partiyada qədim Azərbaycan xalq çalğı alətinin orijinal ifa xüsusiyyətləri, tembri və bütün imkanları qabarıq şəkildə özünü büruzə verir».
   Professor Ramiz Zöhrabov da konsert barədə belə yazır:
   «Bu konsertdə obraz aləminin rəngarəngliyi, melodik dil fərdiliyi, xalq musiqisi ünsürlərindən istifadə məsələləri yerli-yerindədir. Bunun üçün də konserti dinləyərkən bəstəkarın xalqımızın nəğməli aləminə daxilən nüfuz etdiyi aydın hiss olunur».
   Hacı Xanməmmədovun bütün əsərləri belə yüksək qiymətləndirilib. Çünki bu əsərlərin canı gözəl, rəvan melodiyadır. Məhz bu ürəyəyatımlı melodiyalar bəstəkarın fərdi üslubunu yaradıb. Onun bütün əsərlərində bu cəhət üstündür. Xüsusən də mahnılarında. Bəstəkar müxtəlif janrlarda əsərlər yazmasına baxmayaraq mahnı onun üçün daha da doğma olmuşdur. Onun ilk əsəri də mahnı olub. Bu mahnının taleyi uğurlu olub. Gənc bəstəkarın şair Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi «Gözəl Pəri» mahnısı 1944-cü ildə Cənubi Qafqaz respublikaları mədəniyyət ongünlüyündə səslənib. Bəstəkara uğur gətirən ilk mahnı neçə-neçə gözəl nəğmələrə yol açıb. «Niyə döndü», «Telli», «Yenə o bağ olaydı», «Gözlərəm səni», «Yaşa könül», «Qurban olduğum» və başqa mahnılar dillər əzbəri olub.
   Bəstəkar ümumilikdə 100-dən çox mahnının müəllifidir. Bu mahnılar mövzu baxımından rəngarəng olsa da, onlarda əsasən vətənpərvərlik, əməyə məhəbbət və sevgi lirikası üstünlük təşkil edir. Odur ki, dünən olduğu kimi, bu gün də ifaçılar Hacı Xanməmmədovun mahnılarına müraciət edirlər. Ümumiyyətlə, bəstəkarın əsərləri hər bir zaman üçün aktualdır. Çünki o, daim xalqı düşündürən, əbədiyaşar mövzulara müraciət edib. Ömrünün son illərində xalqımızın faciələrini yaşayan sənətkar bunları əsərlərində də yaşatdı. Bu yerdə Hacı müəllimlə olan söhbətlərimdən onun bəzi fikirlərini xatırlayıram:
   «Üzeyir bəy bizə deyərdi ki, əsəri xalq üçün yazın. Yəni elə yazın ki, xalqın ruhunda olsun ki, xalq da onu sevib dinləsin. Bir də elə əsərlər yazın ki, o, xalqın hissləri ilə səslənsin. Xalqımız şəhidlər verib, torpağımız düşmən işğalı altındadır. Tarixi həqiqətləri gələcək nəslə çatdırmaq üçün bu hadisələri əsərlərimizdə əks etdirməliyik. Axı, ürəyimiz ağrıyır. Bu ağrı əsərlərimizdə də duyulmalıdır. Amma biz ağlamalı deyil, mübarizə ruhlu əsərlər yazmalıyıq. Çünki haqq bizimlədir».
   Bəstəkarın bu mövzuda yazdığı mahnılardan «Yad əllərdə qalan Şuşam», «Qələmim süngüyə dönsün», «Ey türkün övladları» və başqalarını qeyd edə bilərik.
   Hacı Xanməmmədovun yaradıcılığında kamança ilə simfonik orkestr üçün konsertini də xüsusi olaraq qeyd etməliyik. Bu əsərdə də bəstəkar tarixi hadisələrə lirik kontekstdən yanaşaraq əsəri nikbin ruhda tamamlayır. Elə Hacı müəllimin doğum gününə həsr etdiyimiz bu yazını biz də nikbin tonda tamamlayaraq demək istəyirik ki, böyük Üzeyir bəyin məktəbindən bəhrələnən görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Hacı Xanməmmədovun irsinə, onun milli ruhda yazdığı musiqi əsərlərinə daim ehtiyac olacaq. Hacı Xanməmmədov da, böyük müəllimi kimi, öz yaradıcılığı ilə əbədiyaşar sənətkarlarımızdandır. Ruhu şad olsun.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar