Avropa Yayım Birliyinin qərarına əsasən, müsabiqənin yarımfinalı gələn il mayın 22-si və 24-də, final isə mayın 26-da keçiriləcək
   
   Avropa Yayım Birliyi və Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında ölkəmizin ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi prosesinə başlanması istiqamətində ilk addım atılıb.
   
   Artıq Bakı şəhərində təşkil ediləcək 57-ci “Eurovision” yarışmasına həsr olunmuş görüş keçirilib. Cenevrədə Avropa Yayım Birliyinin baş ofisində təşkil olunan görüşdə Azərbaycan nümayəndə heyəti ilə müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
   Görüş zamanı Avropa Yayım Birliyi tərəfindən əvvəlcə “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə yayımçısı və Avropa Yayım Birliyinin üzvü İTV-ni qaydalarla tanış edib. Azərbaycan tərəfi keçiriləcək yarışma ilə bağlı planlarını açıqlayıb. Bu sırada mehmanxanalar, nəqliyyat, aeroport və digər planlar barədə geniş məlumat verilib. “Eurovision TV”-nin icraçı direktoru Jon Ola Sand Azərbaycanın müsabiqəni bu dərəcədə ciddi qəbul etməsinə sevindiyini və “Eurovision”un ən yaxşı yarışmasının Bakıda keçiriləcəyinə əmin olduğunu ifadə edib.
   Görüş zamanı Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsinin vaxtı Avropa Yayım Birliyi tərəfindən təsdiqlənib. Mayın 22-si və 24-də yarışmanın yarımfinalının, 26-da isə final mərhələsinin keçirilməsi qərara alınıb.
   Qeyd edək ki, “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri, İctimai Televiziyanın beynəlxalq şöbəsinin müdiri Adil Kərimli Avropa Yayım Birliyinin qanunverici orqanı olan Referent Qrupuna üzv seçilib. Müsabiqənin internet saytında yayılan xəbərə görə, yeni üzvlər Avropa Yayım Birliyinin baş ofisində keçirilən toplantıda müəyyənləşib. Referent Qrupda olan Yuri Aksüta, Xulian Vinyolesin (RTE) və Federiko Lyanonun Referent Qrupundakı iş müddəti bitib. Həmin yerlərə Azərbaycandan İctimai Televiziyanın təmsilçisi Adil Kərimli, belçikalı Maarten Verhagen və bosniyalı Deyan Kukri bu qrupa qoşulublar. İsveçli Krister Byorkman isə ikinci ikiillik müddətinə üzv seçilib.
   
   Ceyhun