Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri Avropanın mötəbər musiqi festivallarından olan Münxen Opera Sənəti festivalında iştirak edəcək. Festivalın bədii rəhbəri Lüdviq Bauman tərəfindən bununla bağlı teatra dəvət göndərilib. Simfonik orkestr bu il Münxen Opera Festivalına artıq dördüncü dəfədir qatılır. Orkestr 2007, 2008 və 2010-cu illərdə festivalda iştirak edib. Kollektivin çıxışları həm festivalın təşkilatçıları, həm də musiqi tənqidçiləri və Almaniya mediası tərəfindən yüksək qiymətləndirilib.
   Orkestrin növbəti festivalda iştirakı avqustun 4-dən 9-dək müddətə nəzərdə tutulub. Musiqiçilərimizin iştirak edəcəyi qala-konsert avqustun 7-də baş tutacaq. Orkestrdə Avropa bəstəkarlarının əsərləri ilə yanaşı Azərbaycan bəstəkarları - Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Bülbüloğlunun musiqiləri səslənəcək. Orkestrin çıxışını teatrın baş dirijoru, Xalq artisti Cavanşir Cəfərov və Münxen Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Korssenbrofk idarə edəcək. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. 

   Gülər