Azərbaycanın tanınmış muğam ifaçısı, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Mirzəyev iyulun 23-də 68 yaşında vəfat edib. Sənətkar İranda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhum ürək-damar xəstəliyindən əziyyət çəkirmiş. 
   Sabir Mirzəyev 1943-cü ildə anadan olub. 1960-cı ildən yaradıcılıq fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Filarmoniyasında, “Azərkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışıb. Onun ifasında “Çahargah” və “Rast” muğamları, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm” xalq mahnıları Azərbaycan televiziyası və radiosunun “qızıl fondu”nda saxlanılır.
   Azərbaycan muğam sənətində göstərdiyi xidmətlərinə görə Sabir Mirzəyev “Əməkdar artist” fəxri adına və Prezident təqaüdünə layiq görülüb.