Avqustun 8-dən 13-dək Yunanıstanın Heraklion şəhərində keçiriləcək festivalda Azərbaycanın instrumental muğam üçlüyü - Rüfət Həsənov (tar), İmamyar Həsənov (kamança), Malik Təbrizli (nağara) iştirak edəcək.
   Bu barədə məlumat verən tarzən Rüfət Həsənov bildirib ki, “World Labyrinth” festivalında muğam üçlüyü “Rast”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Şur” muğamları, eləcə də milli rəqslərimizdən ibarət kompozisiya nümayiş olunacaq.
   ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin qatılacaqları festivalda Azərbaycanın muğam üçlüyü əcnəbi tamaşaçılara bir-birindən gözəl ifalar təqdim edəcək.
   İnstrumental muğam üçlüyü bundan əvvəl ABŞ-ın Vaşinqton, Hyuston və Türkiyənin İstanbul şəhərlərində də uğurlu konsert proqramları ilə çıxış edib.