Azərbaycan vokalçısı Ülvi Hüseynov Almaniyanın Reynsberq şəhərində gənc opera ifaçılarının Beynəlxalq festivalında uğurla iştirak edib. Bu barədə məlumat verən Ülvi Hüseynov bildirib ki, festivalın konsertlərini böyük tamaşaçı auditoriyası izləyib. Nüfuzlu münsiflər heyətinin qiymətləndirdiyi festivala 45 ölkənin 400-dək gənc ifaçısı qatılıb.
   Azərbaycanlı sənətçinin ifa etdiyi G.Puçininin “Turandot”, C.Verdinin “Rigoletto” operalarından ariyalar münsiflər və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Festivalda vokalçımızı Brandenburq Simfonik Orkestri müşayiət edib.
   Xatırladaq ki, Ü.Hüseynov bir müddət əvvəl Berlin Opera Teatrında keçirilmiş müsabiqənin qalibi olmuşdu. Bundan əlavə, o, 2005-ci ildə dünya şöhrətli opera sənətçisi Monserrat Kabalyenin Bakı şəhərində verdiyi ustad dərslərinin iştirakçısı olub, həmçinin Monserrat Kabalye adına müsabiqədə ölkəmizi layiqincə təmsil edib.