Ölkəmiz Niaqarada keçirilən növbəti musiqi festivalında təmsil olunur
   
   Avqustun 7-də Niaqara Beynəlxalq Musiqi Festivalı çərçivəsində Torontoda yaşayan Azərbaycan icması nümayəndələrinin ifasında Azərbaycan xalq musiqisi təqdim edilib.
   Konsert Niaqara Musiqi Festivalı və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilib. Avqustun 10-da Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin Ottavada fəaliyyət göstərən 97.9 FM CHİN radiosunda ölkəmizin mədəniyyəti ilə bağlı müsahibəsi yayımlanıb.
   Səfirlikdən bildiriblər ki, festival çərçivəsində həmçinin gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin rəsm əsərlərinin təqdimatı da olub. 1991-ci ildə Bakıda dünyaya gəlmiş M.Ələkbərli erkən yaşlarında rəssamlıq fəaliyyətinə başlayıb. Onun yaradıcılığı ilə bağlı Niaqara festivalının internet saytında ətraflı məlumat verilib: http://www.musicniagara.org/maryam-art-exhibition.jsp
   Qeyd edək ki, avqustun 26-da Niaqara şəhərində Toronto İpək Yolu Kamera Musiqisi Orkestrinin (Toronto Silk Road Chamber Orchestra) iştirakı ilə “Beynəlxalq Azərbaycan muğamı günü”nün keçirilməsi planlaşdırılır.