Elə sənətkarlar var ki, onların səsi heç vaxt öz təravətini itirmir, daim təzə-tər qalır, nə qədər dinlənilsə belə, hər dəfə insana yeni gəlir. Belə səs sahiblərini Allahın xoşbəxt bəndələri adlandırmaq olar. Ən azı ona görə ki, onların oxuduqları mahnılar daha şirin, daha cazibədar və bənzərsizdir.
   
   Avqustun 17-də anadan olmasının 69-cu ildönümü tamam olan Müslüm Maqomayev də belə səs sahiblərindəndir. Tanrının bəxş etdiyi bənzərsiz səsi ilə o, milyonların ürəyinə yol tapmışdı, qəlbləri fəth etmişdi...
   Artıq 3 ildir ki, avqustun bu əlamətdar günü Müslümsüz qeyd olunur. Həmin gün musiqisevərlər Bakıdakı Fəxri xiyabanda Müslüm Maqomayevin məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzürlər.
   Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Birinci dəfə 14 yaşında Dənizçilər klubunda səhnəyə qədəm qoyan M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc etmişdi.
   M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Milanın “La Skala” Teatrında təcrübə keçib, Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
   1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında oxuyur, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar.
   Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm gətirmişdi, ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl bəstəkar, bənzərsiz mahnılar müəllifi idi. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasındadır.
   Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
   M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
   Böyük sənətkarın adının əbədiləşdirilməsi istiqamətində işlər görülür. Bu ilin iyulunda Müslüm Maqomayevin Bakıda yaşadığı evə vurulmuş xatirə lövhəsi açılıb.
   Dünyanı fəth edən fitri istedad sahibi Müslüm Maqomayevin ölümündən üç il ötsə də, onun əziz xatirəsi unudulmur və Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
   
   “Rusiya-1” telekanalında Müslüm Maqomayev haqqında veriliş
   
   Avqustun 17 və 18-də “Rusiya-1” telekanalında dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev haqqında verilişlər efirə gedəcək. Bu barədə “Rusiya” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli məlumat verib. Verilişlər “Mixail Zelenski ilə birbaşa efir” proqramı çərçivəsində (Bakı vaxtı ilə 19.55-də) göstəriləcək.