Azərbaycanın ən böyük mobil rabitə operatoru olan “Azercell” şirkəti gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı elan edilib. Bu barədə qərar Avropa Yayım Birliyi (AYB) tərəfindən qəbul edilib.
   
   2012-ci il üzrə "Eurovision" mahnı müsabiqəsinin əsas tərəfdaşı kimi “Azercell”ə Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə geniş media, assosiasiya, tədbir və xəbərləri hazırlayan media hüquqları verilib.
   Eurovision TV-nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirib: "Biz artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən “Azercell”in müsabiqədə tərəfdaş kimi çıxış etməsindən məmnunuq".
   “Azercell” Telekom MMC-nin prezidenti Ali Ağan şirkətin Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı olmaqdan qürur duyduğunu vurğulayıb: “Azercell” hər zaman Azərbaycanın dünyada tanıdılmasına xüsusi əhəmiyyət verib və bu müsabiqə hamımız üçün gözəl bir fürsətdir. Biz Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin bir hissəsi olmaqla fəxr edirik”.
   "Eurovision" mahnı müsabiqəsi üçün AYB-nin hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti tərəfindən razılaşdırılıb. Bu şirkət 2004-cü ildən etibarən "Eurovision" mahnı müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyasında eksklüziv marketinq agentliyidir.
   Qeyd edək ki, yarımfinal mərhələləri 2012-ci il mayın 22 və 24-də, finalı isə mayın 26-da keçiriləcək “Eurovision" mahnı müsabiqəsi Azərbaycanın İctimai Televiziyası vasitəsilə canlı yayımlanacaq.   

    Müsabiqəyə hazırlıq üçün könüllülər də cəlb olunacaq
   
   “Eurovision” mahnı müsabiqəsinə hazırlıq üçün könüllülər və digər işçi heyəti işə mərhələlərlə cəlb olunacaq. Bu barədə məlumat verən İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov bildirib ki, ümumi layihəyə könüllülər, sürücülər, texniki heyət, xarici ekspertlər, televiziya heyəti, səhnədə çıxış edəcək şəxslərə xidmət edənlər və s. personaldan ibarət minlərlə şəxs cəlb olunacaq.
   Hazırda İctimai Televiziyanın heyəti, Avropa Yayımları Birliyindən bu işləri əlaqələndirən şəxslər cari məsələlərin həlli ilə məşğuldurlar. Həmçinin ölkədəki ümumi hazırlıqla bağlı səfərbər olunan təşkilatların cavabdeh şəxsləri işə cəlb ediliblər.
   İTV rəsmisi bildirib ki, hələlik könüllülərin işə cəlb olunması ilə bağlı konkret qərar qəbul olunmayıb, prinsiplər müəyyənləşdirilməyib. İstər Avropa Yayımları Birliyi, istər İTV tərəfindən bütün mərhələlərlə bağlı ictimaiyyətə geniş məlumatlar veriləcək.