Rüfət Həsənov (tar), İmamyar Həsənov (kamança) və Xavər Zamanidən (tonbək) ibarət instrumental muğam üçlüyü ölkəmizi Yunanıstanın Heraklion şəhərində keçirilmiş festivalda uğurla təmsil edib. Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Rüfət Həsənov bildirib ki, “Houdetsi World Folk Labyrinth 2011” festivalında muğam üçlüyünün ifasında muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səslənib.
   ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin qatıldıqları festivalda muğam üçlüyünün ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs” C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarımız, “Şur”, “Çahargah” və “Mahur” muğamlarımız tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.
   Festivaldan sonra Heraklionun ən böyük ali təhsil ocaqlarından birində R.Həsənov tələbələrə “Bayatı-Kürd” muğamı və “Heyratı” zərb muğamından ustad dərsləri keçib. İnstrumental muğam üçlüyünün bu şəhərdə fəaliyyət göstərən azərbaycanlı tələbələrlə görüşləri də olub.
   Qeyd edək ki, instrumental muğam üçlüyü bundan əvvəl ABŞ-ın Vaşinqton, Hyuston, Böyük Britaniyanın London və Türkiyənin İstanbul şəhərlərində də uğurlu konsert proqramları ilə çıxış edib.