Altı ölkənin, o cümlədən Azərbaycanın ifaçıları avqustun 27-28-də “Qustar” II beynəlxalq etnik musiqi festivalında iştirak etmək üçün Moldovadakı “Qədim Orxey” mədəni-təbii qoruqda toplaşacaq. Moldova KİV-nin məlumatına görə, bu, Moldovada yeganə beynəlxalq etnik musiqi festivalıdır ki, açıq səma altında təşkil edilir. Festival zamanı buraya gələnlər 12 saat ərzində yerli və xarici folklor qruplarının ifasında canlı musiqidən zövq ala biləcəklər.
Festivalın qonaqları üçün hazırlanmış turist marşrutu onların qoruq haqqında hərtərəfli təsəvvür əldə etmələrinə, yaxınlıqdakı görməli yerlər barədə məlumat almalarına imkan verəcək.
Festivalın təşkilatçılarının fikrincə, “Qustar” xalqlar arasında maneələri aradan qaldırır, mədəni rəngarəngliyi artırır. Festivalın adı moldovan dilində avqustun qədim adından götürülüb. Burada xalq arasında avqusta “Qustar” deyilirdi. Çünki məhz bu ayda qızğın tərəvəz, giləmeyvə və meyvə yığımı gedir.