Sentyabrın 20-21-də M.Maqomayev adına Dövlət Filarmoniyasında dünya şöhrətli Vyana Dövlət Kamera Orkestrinin konsertləri keçiriləcək. Konsertlər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. Qeyd edək ki, bu, məşhur musiqi kollektivinin ölkəmizə ilk səfəridir.
   Konsertlərdə orkestrə beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək. İlk konsertdə Vyana orkestri A.Şönberqin «Transfiqurasiyalı gecə», V.A.Motsartın «Divertisment», F.Mendelsonun re minor skripka konsertini ifa edəcək. Mendelsonun bu əsərinin Bakı premyerasında beynəlxalq müsabiqələr laureatı Cexay Li iştirak edəcək.
   İkinci konsert proqramına isə əsasən Azərbaycan bəstəkarlarının - Ü.Hacıbəyli, F.Əmirov və A.Əlizadənin əsərləri daxildir. Konsertin proqramı çərçivəsində ilk dəfə olaraq Bakıda V.A Motsartın iki fortepiano ilə orkestr üçün konserti səslənəcək.
   
   Gülər