Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın “EMI Music Germany” şirkəti ilə müqavilə imzalayıb. Müğənninin internet saytında yer alan xəbərə görə, müqavilədə müğənninin üç albomunun hazırlanması nəzərdə tutulub. Əməkdaşlığın başlanmasına həsr olunmuş mərasimdə Emin Ağalarov Böyük Britaniyada sevilən "Obvious" və "Just for one night" mahnılarını ifa edib. Kölndə təşkil olunmuş tədbirdə 270-ə yaxın mətbuat nümayəndəsi, eləcə də teleaparıcılar iştirak ediblər.
   Emin Ağalarov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “EMI Music Germany” kimi böyük şirkətlə əməkdaşlıq etmək onun üçün Almaniya, Avstriya, İsveçrə və digər ölkələrin yeni musiqi auditoriyasına sahib olmaq, eləcə də olduqca peşəkar komanda ilə işləmək deməkdir. Müqaviləyə əsasən Emin Ağalarovun “Wonder” daxil olmaqla üç albomu “EMİ Music” şirkətinin filialı olan hər ölkədə yayımlanacaq.