Dahimizlə bağlı bu qərarın özü də dahiyanə bir əsər!
   
   Bu qənaət obrazlılıq xatirinə deyiliş sanılmasın, necə var - eləcə anılsın. Çünki söhbət tək elə soy-şəcərə baxımından yox, həm də böyük milli mədəniyyət bəyimizdən gedir. Hər səhərimizi, milli tədbirimizi möhtəşəm “Himn”i ilə açdığımız, əzəmətli “uvertüra”sı ilə rövnəqləndirdiyimiz professional musiqi mayakımızdan bəhs olunur.
  
   Və onun böyük ad-sanını, zəngin, universal irsini bütün parametrlərdə dəyərləndirib təbliğ edən, nəhayət, “adi” doğum gününü belə qutlayıb “Milli Musiqi Günü” kimi qərar verməklə, dövlətimiz özü də ümummilli bir əsər müəllifi oldu...
   Bu qərarın mübarək dərkənarı isə ümummilli liderimiz Heydər Əliyevə məxsusdur!
  
   Canlı sənət akademiyası
  
   Bu epiteti işlətməkdən ona görə çəkinmədim ki, onun davamçısı olan korifeylərimiz - Qara Qarayev “Üzeyir Hacıbəyov böyük sənət kəhkəşanıdır” deyib, Fikrət Əmirov “Üzeyir bəy bütöv bir xalqdır!” söyləyib.
   Neçə illərdir ki, böyük təntənə və sevgilərlə keçirilən Musiqi Günü mərasimlərində onun sənətkarlığından, alimliyindən, publisistliyindən, ictimai xadimliyindən nələr yazılmır, nələr danışılmır?! Müasirləri olmuş dünyalarca məşhurlardan hansı biri ona heyranlığını bildirməyib, hansı bəstəkar ondan bəhrələndiyini etiraf etməyib?! Hətta sənətimizin ən istedadlı oğrusu olan xalqın nümayəndəsi Aram Xaçaturyan özü etiraf etmişdir ki; “...mən, hətta, “heç kəsdən heç bir not!” qərarı ilə yazdığım “Spartak” və “Qayane” baletlərimə sonradan qulaq asarkən hiss etmişəm ki, Üzeyir bəyin ilahi taktlarından qaça bilməmişəm...”
   O, iyirmi iki yaşında yazdığı “Leyli və Məcnun” operası ilə qoca Şərqi misli görünməmiş dərəcədə cavanlaşdırdı, möhtəşəm, şahanə “Koroğlu”su ilə tarixən döyüş meydanlarında qəhrəmanlıq göstərmiş Azərbaycan xalqını sənət qəhrəmanı da etdi. Yalnız yaddaşlar ümidinə qalmış mahnılarımızın əbədi not “ədəbiyyatına” köçürülməsinin bünövrəsini qoydu. Hər xanəndənin, çalğıçının, hətta bəzən hallı dinləyicinin məzaq-marağı ilə biri bir neçə saat davam edən muğamlarımıza elmi-metodoloji mizan-düzən verdi, bitkin şöbələrə ayırdı. Öz analitik məqalələri, alovlu publisistikası ilə dövrü mətbuatda baş alıb gedən sxolastik pafos, yalançı millətçilik, məhəlliçilik tendensiyasına qarşı bir nümunə oldu. Möhtəşəm ariya, romans və digər şedevrlərilə böyük Bülbülləri, Rəşidləri dünyəviləşdirdi. Öz canlı librettolarına yazdığı şanlı musiqi parçaları ilə ölkəmizin adını dünya afişalarına yazdırdı, bir-birindən maraqlı musiqi ladımıza alqışlar yağdırdı. “Arşın mal alan”ı ilə dünyada analoqu olmayan məhəbbət, izdivac “taciri”, “Məşədi İbad”ı ilə aşiqlərin “yaş senzi” məcəlləsini yaratdı. Öz ustalıq şöləsi, təkrarsız aurası ilə sonralar “bütün dünyanı fəth edən fateh” Qara Qarayev, “Amerika salonunu qocaman Şərq xəyalatına daldıran” Fikrət Əmirov, “barmaqları ilə orkestrlərin başı üzərində ildırımlar çaxdıran” Niyazi, “SSRİ-nin bütün novatorlarından novator, müasirlərindən müasir” Tofiq Quliyev, “real məhəbbəti əfsanəvi heyrətamizliklə əfsanələşdirən” Arif Məlikov kimi nəhənglərə müəllimlik etdi.
   Məncə, bütün bunlar - hələ onun sənət və şəxsiyyət bioqrafiyasının yüzdə birini ifadə etmiş olsa belə - dahiyanə obrazlar ustadı Üzeyir bəy Hacıbəyli obrazını onu məndən az tanıyıb-sevənlərin gözləri önündə canlandırmağa və mənim “canlı sənət akademiyası” təşbeh-duamı aminləmələrinə bəs edər. Qədirbilən xalqımız, millətimiz, dövlətimiz, cəmiyyətin bütün zümrələri isə bu doyulmaz, ölməz oğlundan yorulmadan, sevə-sevə elə hey -
  
   Bəhs edər
  
   Yadıma düşən (elə xronolojicə və “yaşca” da) ilk xatirə universitet müəllimimiz rəhmətlik Firudin Hüseynovla bağlıdır. Bu o dövr idi ki, dahi sənətkarımızın vəfatından hələ iyirmi il ötürdü. Mənim yaşımın, tələbəliyimin, fanatlığımınsa o çağları idi ki, hətta antik ədəbiyyat kitablarında belə “Ü” hərfi görəndə dərhal göz yetirirdim ki, bəlkə söhbət Üzeyir bəydən gedir...
   Hərdən, sözarası, “köhnə” müəllimlərdən də (xüsusilə hər dəfə auditoriyalara - keçəcəyi mövzulara uyğun qiyafədə daxil olan “Antik Əli Sultanov” haqda) danışan Firudin müəllim günlərin birində bizə düz bir qoşa saat bütöv bir sənət, incəsənət həyatı yaşatdı. “Heç hənanın yeridir?!”, “Babalı Sərvərin boynuna” kimi misallar gətirməklə, zaman keçdikcə Üzeyir bəyin əksər kəlamlarının zərb-məsələ çevrilərək konkret situasiyaları ifadə edəcəyindən söhbət açdı. Şərti olaraq “tələbə diapazonu” adlandırdığı o dərsdə o müəllim həndəsə elminin “yatsa yuxusuna da girməyən” bir ədəbiyyat - sənət - publisistika üçbucağı yaratdı, bütün nöqtələri Üzeyir bəydən başlayıb Üzeyir bəydə tamamladı və lap sonda - bax-bax bu an sənət və sənətkar haqda yaratdığı bu şifahi məhəbbət dastanını layiqincə bitirə bilmirmiş, ya bəlkə heç ümumən bitirmək istəmirmiş ağrısı ilə dedi: “Üzeyir bəy yaradıcılığı elə bir ümummilli sənət çəmənzarıdır ki, hər qarışında yeni bir çiçəyə, təzə bir gülə rast gəlirsən!..”
   Ötən əsrin yetmişinci illərinin sonunda Qəzənfər Xalıqov imzalı bir müəllif “Qobustan” dərgisində çap etdirdiyi irihəcmli (“Üzeyir dünyası”) məqaləsində yazırdı ki, Üzeyir bəyin vəfat etdiyi günlər İçərişəhərin ahıl qadınları məhəllə-məhəllə yığışaraq dizlərinə döyüb “Oğul vay!” - deyə ağlaşırdılar...
   Belə... Ömrünü öz atası, anası, qardaşı, bacısı, balası hesab etdiyi xalqının yolunda gilə-gilə və təkrarsız komediyalarına rəğmən gülə-gülə əritmiş Üzeyir bəyi “yadlar” ağlayıb...
   Bu məqamda sonsuz məhəbbətlər hədəfi olmuş və əbədən olası bu sənət atamızın sonsuzluğu ilə bağlı bir xatirəni də xatırlamaq gərək. Bu minor xatirənin müəllifi başdan-başa major Qara Qarayev! Bu ildırım xarakterli sənətkar o xatirəsini elə kövrək notlarla yazıb ki, oxuyarkən hüzn özü də sənət səviyyəsində təzahür edir. Çox qısa variantda təqdim etməli olduğum o yazıda söylənilir ki, bir gün bu xatirə müəllifi sənət dostlarından biriylə Üzeyir bəygilə gedir. Üzeyir bəy evdə yoxmuş, anası isə tez-tez balkona çıxıb: “Ay Tanrı, bu uşaq harda qaldı?!” - deyə təlaş keçirirmiş. Bu evə, ailəyə çox yaxın olan, ustadlarının övladı olmadığını yaxşı bilən qonaqlar da ki, öz təəccüb-məətəlliklərində. Nəhayət, gecə yarıya yaxın Üzeyir bəy gəlib çıxır və ana “bu xalqın ən böyüyünün üstünə uşaq kimi acıqlanır”: “A bala, hardasan bu vaxtacan?!” - deyə üz bozardır. Ürəyi özünə gələndən sonra isə gülümsünə-gülümsünə (balkona işarəylə) əlavə edir - Axşamdan bəri bu amfiteatra yüz dəfə çıxıb, gündə yüzbir faciə səhnələyən küçələrə tamaşa etməkdən yorulmuşam...”
   O balkona çıxmaqdan yorulan o ana hələ bilmirdi ki, 1948-ci ilin soyuq bir noyabr günü öz sənətkar oğlu ilə vida mərasiminə yığışmış xalqın bir neçə üzvü misli görünməmiş izdiham sıxlığından yana şikəst olacaq, o binanın balkonlarına, damına çıxmışlardan ikisi isə yıxılıb həlak olacaq...
   Amma o ana bunu bilirdi ki, bu “tifil uşaq” sovet hakimiyyətinin ilk illərində düz üç kərə ölümdən qurtulub. Bunun ikisi “güllələnmə dəftəri”ndəki adı üzərindən Nəriman Nərimanovun karandaşla çəkdiyi “x” işarəsi sayəsində baş tutub.
   O ana bunu da bilirdi ki, oğluna verilmiş xidməti maşın cəza motivi ilə geri alındıqdan sonra Səməd Vurğun öz sürücüsünə tapşırıbmış ki, hər səhər gizlincə Üzeyir bəyi aparıb işə qoyarsan, sonra qayıdıb məni...
   Bunu isə dildən-ağızdan eşidirdi ki, oğlu evdən işə, işdən evə gedərkən Sabir bağındakı skamyalarda əyləşən qocalar belə ayağa qalxıb ona təzim edir, salamlayırlar...
  
   Bir az da ögey xatirələr...
  
   Ordan başlayaq ki, Qori Müəllimlər Seminariyasını məlum qiymətlər və xasiyyətnamə ilə bitirmiş, Şuşa kimi mədəniyyət mərkəzi və “təbii konservatoriya”da böyüyüb yetişmiş bu gənci nəinki “Allahu-Əkbər”in, hətta sivilizasiyanın bitdiyi Hadrut kimi bir ucqara müəllim göndəriblər.
   Davam edək ki, “Xaricdə qəzet bağlansa, camaat neyləyər? Biri deyər: vay, kor oldum, biri deyər: vay, kar oldum, vay, lal oldum! Bəs bizdə bağlansa? Heç nə. Bir məşədi digərinə deyər: məşədi, pəs, şorumuzu nəyə büküb satacağıq?” kimi ictimai dərdlərimizə yorulmadan qələm çalan bu azman publisistimiz haqda özümüzünkülər belə-belə şeylər yazırdılar: “Bu “bəy”in yazıları kapitalizm qoxuyur”. Bu əsilzadə bəy isə, növbəti, daha vacib dərdlərimizi çözməkdənsə, məcbur olub, sovet “abrazavoyskilərinə” bitkin bir əsər ampluasında “ötəri” cavablar verməli olurdu: “Pis qoxulardan xilas olmağınız üçün, xahiş edirəm, burnunuzu mənim yazılarıma soxmayasınız”...
   1937-də “Koroğlu” operasına vurğunluğunu gizlədə bilməyən Stalin əlini onun kürəyinə qoyaraq: “Daha bir belə möhtəşəm opera yaza bilərsinizmi?” sualı ilə bəlkə özünü, nəhayət, həqiqətən də əbədiləşdirmək istəyirmiş? Ona və Bülbülə “Moskvada qalıb işləyərsizmi?” sualı ilə isə, bəlkə, onların da axırına çıxmaq fikrini güdürmüş?
   Böyük Vətən müharibəsindən 2 il, “böyük” repressiya kampaniyasından 10 il sonra yenidən tutması tutan Mircəfər Bağırovun öz kəmərbəstəsi hesab etdiyi yazıçılardan birinə verdiyi “...Qocanı da aradan götürməyin vaxtı deyilmi?” mənfi sualını sənətkarın öz əsərləri müsbət cavablandırmağa məhkum edir: “Onda gərək bütün teatrların qapısından qıfıl asaq...”
   Mənsə bu yazının başlığındakı “qıfılbənd”liyin açmasına yenidən qayıdıram. Yəni, sözün real anlamında, halal dəyərində belədir; fenomenal əxlaqı, mədəniyyəti, dahi istedadı, dərya yaradıcılığı ilə tək elə fiziki varlığı dövründə yox, eləcə də əbədiyyət uzunu Azərbaycanın hər gününü mənalı, şan-şöhrətli, xoşovqat, urvatlı etmiş, edən, edəsi Üzeyir bəy Hacıbəyli öz doğum günü - Milli Musiqi Günü ilə buna qərar verən dövlətimizi, bunu candan-ürəkdən bayram edən xalqımızı da dahiyanə-mənəvi bir əsər müəllifi etdi...
  
   Tahir Abbaslı