Dekabrın 1-də Bakıda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. İkigünlük tədbirdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən alim və mütəxəssislər iştirak edirlər.
Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, tədbirin məqsədi türkdilli xalqların mədəni və ədəbi inteqrasiyasını sürətləndirmək, son illər ədəbiyyat sahəsində aparılan elmi tədqiqat işlərini müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. Ortaq türk ədəbiyyatının öyrənilməsi istiqamətində son illər mühüm addımların atıldığını söyləyən İ.Həbibbəyli Beynəlxalq Türk Akademiyası təsis edildikdən sonra türk dövlətləri arasında ədəbi-mədəni əlaqələrin genişləndiyini vurğulayıb.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirib ki, türk xalqları ədəbiyyatının müstəqil tədqiqi ortaq türk ədəbiyyatının öyrənilməsindən başlanmalıdır.
AMEA-nın müxbir üzvü Muxtar İmanov, professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı, türkiyəli alimlər Mesut Şen, Seyfəddin Altaylı, Özbəkistandan Rahmatulla Barakayev və başqaları bu cür tədbirlərin türk xalqlarının ədəbi, dil və mədəni birliyinə, bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini söyləyiblər.
Konfrans işini plenar iclaslarla davam etdirib.