Berlin Filarmonik Orkestrinin üzvləri balaca musiqiçilərlə görüşüblər
   
   Heydər Əliyev Fondunun, UNICEF-in (BMT-nin Uşaq Fondu), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İmkanlara məhdudiyyət yoxdur” kampaniyası çərçivəsində ölkəmizdə qonaq olan Berlin Filarmonik Orkestrinin bir qrup üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat və gözdən əlil uşaqlar üçün 38 saylı onbirillik musiqi məktəblərində olub. Xatırladaq ki, bu kampaniya əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlib.
   Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə təmir edilmiş hər iki təhsil müəssisəsi ilə tanış olan qonaqlar burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Hazırda 5 saylı respublika xüsusi internat məktəbində 280 uşaq təhsil alır. Onların təlim-tərbiyəsi ilə 90-a yaxın müəllim və tərbiyəçi məşğul olur. Bu il məktəbi bitirmiş 24 məzundan 7-si ali, 3-ü isə orta ixtisas təhsili məktəblərinə qəbul olunub.
   Gözdən əlil uşaqlar üçün 38 saylı onbirillik musiqi məktəbində isə tar, kamança, nağara və fortepiano musiqi alətləri üzrə dərslər keçirilir. Məktəbin “Duyğu” xalq çalğı alətləri ansamblı bir çox beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib. Tanışlıqdan sonra tədbir 5 saylı respublika xüsusi internat məktəbinin akt zalında geniş konsert proqramı ilə davam etdirilib.