Yetişən nəslin musiqi zövqü hamını narahat etməlidir
  
   Bir vaxtlar televiziya kanalları və radio dalğalarındakı uşaq verilişlərində, uşaq bağçalarında, orta məktəblərdəki özfəaliyyət dərnəklərində uşaqların sevərək oxuduqları mahnılar səslənirdi. Uşaqların dillər əzbərinə çevrilən səlis və diləyatımlı, hafizələrinə birdəfəlik hopan bu musiqilər əsas bir məqamın üstündə köklənmişdi: anaya, torpağa, Vətənə məhəbbət, doğma yurda bağlılıq. Anaların laylaları, oxşamaları, nazlamaları ilə böyüyən balacalar bəlkə də indi sadaladığımız bu məqamlardan xəbərsizdirlər.
  
   Əslində bizdə bu sahədə hər zaman müəyyən problemlər olub. Bugünkü şou-biznes bazarlığında uşaq mahnıları, musiqiləri xüsusilə arxa planda qalıb. Əvəzində də yazıq uşaqlar efir-ekrandan eşitdikləri özfəaliyyət nümunələrini dinləyir və hətta əzbərləyirlər də. Səbəb nədir, niyə hazırda Azərbaycanda uşaq mahnıları olduqca az yazılır? Bu barədə suallarımızı peşəkarlara ünvanladıq.
   Saysız-hesabsız uşaq mahnılarının bəstəkarı, Xalq artisti Oqtay Zülfüqarovun fikrincə, uşağın gündəlik qidası kimi mənəvi inkişafı da vacibdir. Odur ki, yetişən nəslin mənəvi formalaşması da diqqətdə saxlanılmalıdır: «Bəzən bəstəkarları qınayırlar ki, onlar uşaqlar üçün heç nə yazmırlar. Amma bilmirlər ki, bəstəkarlar yazır, lakin bu əsərlər sandıqda qalır. Tutaq ki, onları üzə çıxarmaq istədilər, amma harada oxunsun? Hanı o dərnəklər, hanı televiziya və radio verilişləri? Deyək ki, mənim bir neçə yaş qrupu üzrə dərnəyim var və orada onlarla uşaq məşğul olur. Məgər bu kifayətdir və ya onlar bütün uşaqları əhatə edirlər?! Əlbəttə ki, yox. Bu məsələyə fundamental baxılmalı və müvafiq qərar qəbul olunmalıdır. Məsələdən çıxış yolu isə çox sadədir: təbliğat. Televiziyalarda heç olmazsa gündə 1 saat uşaqlar üçün veriliş verilməlidir. Həmin proqramlarda uşaqlarla yanaşı tanınmış müğənnilərin ifasında da uşaq mahnıları səslənməlidir. İndi qəribə dəb yaradıblar; bütün böyük müğənnilər mütləq ya yalançı vətənpərvərlikdən, ya da sevgi-məhəbbətdən oxumalıdırlar. Əvvəllər Şövkət Ələkbərova, Zeynəb Xanlarova kimi görkəmli sənətkarlar uşaq verilişlərində iştirak edib, onlara uşaq mahnılarını öyrədirdilər. Beləliklə, uşaq mahnısını hamı oxuyurdu. Uşaq psixologiyası belə vasitələrlə formalaşır. İndi isə bu məsələ bizim sənətçilərin çoxunun diqqətindən kənardadır. Amma unutmaq olmaz ki, yetişən nəslin musiqi zövqü, mənəvi-estetik tərbiyəsi hamını narahat etməlidir».
   Eyni fikri bəstəkar, Xalq artisti, onlarla uşaq mahnısının müəllifi Eldar Mansurov da söylədi: «Uşaq-uşaq deyib keçmək olmaz. Çünki o, sabahın ziyalısı, mühəndisi, həkimi, müəllimi və ən əsası vətəndaşıdır. Əgər biz onlardan nə isə gözləyiriksə, bu gün onları mənən mükəmməl yetişdirməliyik, yüksək estetik tərbiyəyə kökləməliyik. Amma, gəlin, baxaq görək biz buna nail oluruqmu? Bu gün uşaqların musiqi tələbatı demək olar ki, unudulub. Hamı böyüklər üçün mahnılar yazır. Bunun da öz səbəbləri var. Bu məsələdə bəstəkarları qınamaq, sadəcə onları tənqid etmək olmaz. Çünki bəstəkarlar yazdıqları mahnının həm maddi, həm də mənəvi cəhətdən qiymətləndirilməsini istəyirlər. Bəstəkar da sifariş əsasında mahnı yazır. Kimdir axı uşaq mahnısına görə pul verən? Digər tərəfdən gərək bəstəkar işin nəticəsini görsün, yazdığı mahnını eşitsin. Mahnı not dəftərlərində qalmaq üçün və ya sadəcə musiqi məktəblərinin şagirdlərinin məhdud dairələrdə oxuması üçün yazılmır. Gərək televiziya kanalları, radio dalğaları onları geniş auditoriyada yayımlasın. Əvvəllər uşaq verilişləri vardı, onların mahnılarını səsləndirirdilər. Mən bu gün də uşaq musiqiləri bəstələyirəm. Çünki uşaqları çox sevirəm. Amma onu da bilirəm ki, bu mahnılar yazılsa da ömürləri çox az olur, yəni dinlənilmir ki, yadda da qalsın. İndi istər məktəbdə, istər bağçada hansı uşağı dindirsən, ya meyxana oxuyacaq, ya da rep. Niyə elə bu janrlarda da uşaq musiqiləri olmasın? Hanı “Kuklam”, “Cücələrim”, “Ağacdələn”, “Lalə”, “Şıltaq günəş” kimi səs salan uşaq mahnıları? Bu gün hansı yeni uşaq mahnısının adını çəkmək olar? Uşaq musiqi kollektivlərini kim, hansı telekanal, radio təbliğ etməlidir?! Yenə ümid qalır dövlətə, dövlətin bu işə dəstəyinə”...
   "Azərbaycanda uşaq mahnılarını indi daha çox imkanlı adamlar pul müqabilində nəvələrinə, övladlarına yazdırırlar”. Bu fikri isə "Muğam" teatrının direktoru və baş rejissoru, Əməkdar incəsənət xadimi Arif Qazıyev dedi: "Amma əvvəllər bu məsələ daim diqqət mərkəzində idi. O vaxtlar dahi bəstəkarlarımız da uşaqlar üçün mahnılar yazıblar. Bu sırada Qara Qarayevin, Fikrət Əmirovun, Qəmbər Hüseynlinin, Səid Rüstəmovun adlarını çəkə bilərəm. Çünki o vaxt uşaq mahnılarına maraq var idi. Sovet dövrünün təbliğatı bəstəkarları da uşaq mahnıları yazmağa təşviq edirdi".
   A.Qazıyev qeyd etdi ki, hazırda uşaqların özəl proqramları, musiqiləri yoxdur: “Uşaqları tərbiyə etmək üçün gərək verilişlər hazırlansın, onlara uşaq mahnıları öyrətmək lazımdır. İndi uşaqlar 10 yaşından başlayırlar ara mahnıları oxumağa və qulaq asmağa. Gərək televiziya və radiolar bununla məşğul olsunlar, bəstəkarlara, şairlərə sifarişlər versinlər, uşaq mahnıları ilə bağlı müsabiqələr keçirsinlər”.
  
   Həmidə Nizamiqızı