“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti 2012-ci ildə Bakıda keçiriləcək yarışmada Azərbaycan təmsilçisini müəyyən etmək üçün milli seçim turuna başlayır. Müsabiqə ilə bağlı sənəd qəbulu oktyabrın 15-25-də keçiriləcək.    

   İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov bildirib ki, müsabiqə “Eurovision”un qaydalarına və tələblərinə uyğun aparılacaq.
   Yeri gəlmişkən, bu günlərdə “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı məsələ Məşvərət Qrupunun Cenevrədə keçirilən iclasında müzakirə olunub. İclasda bildirilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin keçirilməsi üçün Avropa Yayımlar Birliyinə (EBU) üç yer təklif olunub. Bunlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və Bayraq Meydanında inşa olunan “Kristal Palace”dır. EBU rəhbərliyi Azərbaycanın bu müsabiqəni yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib. Məkanla bağlı son qərarın noyabr-dekabr ayında verilməsi nəzərdə tutulur. Məkan dəqiqləşdikdən sonra artıq “Eurovision” müsabiqəsinin yarımfinal və final biletlərinin hazırlanması prosesinə başlanılacaq.
   İclasda EBU rəhbərliyinə Azərbaycanın baş naziri Artur Rəsizadənin rəsmi məktubu təqdim edilib. Məktubda qeyd olunur ki, Azərbaycan dövləti “Eurovision” müsabiqəsi ilə bağlı ölkəmizə gələcək bütün qonaqların təhlükəsizliyi, viza rejiminin sadələşdirilməsində tam öhdəliyini təmin edir.
   57-ci “Eurovision” müsabiqəsi ilə bağlı Məşvərət Qrupunun növbəti iclası noyabrda keçiriləcək.   

  Həmidə