Musiqi mədəniyyəti tariximizdə özünəməxsus iz qoyan sənətkarlardan biri də məşhur xanəndə Bülbülcan (Əbdülbaqi Kərbəlayı Əli oğlu Zülalov) olub. Bu il anadan olmasının 170 ili tamam olan sənətkar Qarabağın, musiqimizin beşiyi sayılan Şuşanın yetirməsi idi, 1841-ci ildə burada anadan olmuşdu.
   
   Şuşanın musiqi həyatı başqa xanəndələr kimi onun da bir sənətkar kimi yetişməsində böyük rol oynayır. O, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alır. Təhsilini başa vurduqdan sonra tarzən Sadıqcanla bərabər Qarabağ, Şəki, Şirvan və Gəncə şəhərlərində zəngin ailə məclislərinə, el şənliklərinə dəvət olunur. Xanəndə kimi müasirlərinin, o cümlədən şairə Xurşidbanu Natəvanın rəğbətini qazanır. Onun bağında qurulan məclislərdə, xüsusilə onun Şuşaya su çəkilməsi (18 avqust 1873-cü il) münasibətilə təşkil olunan xalq şənliyində yaxından iştirak edir. 1875-ci ildə Əbdülbaqi Tiflis şəhərinə köçür. O zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdə xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə yanaşı, məşhur rus, italyan musiqiçiləri də çıxış edirdilər. Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxuyur. İlk çıxışdan sonra məşhurlaşır. O, gürcü dilini də mükəmməl öyrənir, öz ifası ilə gürcü dinləyicilərini vəcdə gətirir. Qısa vaxtda elə bir şöhrət qazanır ki, bütün Tiflisdə onu «Bülbülcan» deyə çağırırlar.
   Bülbülcan Tiflisdə yaşadığı müddətdə (1875-1905) bir neçə musiqi dəstəsi yaradıb. Tarzən Sadıqcan ilə birlikdə şəhərdə yaşayan yoxsul müsəlmanların xeyrinə təşkil olunan konsertlərdə də yaxından iştirak edib. Tiflisdə çıxan «Ziya» qəzeti onların konsertləri haqqında tez-tez xəbərlər dərc edirdi. Belə konsertlərin biri haqqında qəzetin verdiyi elanda yazılıb: “Bu yaxın vaxtda füqəra və miskinlərdən ötrü şəhərdə bina olunan İran xəstəxanasının sərmayəsinə qüvvət və mənfəət vermək qəsdilə Tiflisin teatr imarətində ibrətnüma və fərəh-əfza, növbənöv görməli və eşitməli tamaşalar olacaqdır. Tiflis əhlinin dildadəsi olan xanəndə və sazəndələrdən Əbdülbaqi və Sadıq dəxi hazır olacaqdır”. “Qafqaz” qəzetində verilən daha bir elanda yazılıb: “Bu gün 22 iyun 1886-cı ildə Arsurini teatrının binasında həvəskarlar tərəfindən tatar dilində M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası oynanılacaq. Tamaşanın fasilələrində Əbdülbaqinin sazəndə dəstəsi çalacaqdır”.
   Bu görkəmli sənətkarın böyük sənəti haqqında el arasında bir çox əfsanə və rəvayət söylənilib. Deyilənə görə, bir gün Tiflisin ən qaynar küçəsi olan Qolovinski (indiki Rustaveli) küçəsindən əynində çərkəzi çuxalı, atlas arxalıqlı, başı gümüşü papaqlı, çiyni aynalı tüfəngli və qolunun üstündə qızılquş olan bir atlı gəlib keçir. Camaat bir anlıq ayaq saxlayıb heyrətlə ona tamaşa edir. İncə ayaqlı Qarabağ atının üstündəki adamın kimliyi onları maraqlandırır. Axı Qolovinski küçəsində at sürməyə yalnız Qafqaz canişininin və onun ən yaxın adamlarının ixtiyarı vardı.
   Bu, azərbaycanlı xanəndə Bülbülcan idi. Həmin hadisənin isə maraqlı bir tarixcəsi var. Rus çarı III Aleksandr 1888-ci ilin payızında ailəsi ilə Qafqaza istirahətə gəlir. Çarın Tiflisə gəlişi münasibətilə şəhərin ən gözəl guşəsi olan “Müçtehid bağı”nda böyük şənlik təşkil olunur. Şənliyə Bülbülcan da dəvət olunur. Cabbar Qaryağdıoğlu xatirələrində yazır ki, məclisdə çarın sağlığına badə qaldırılarkən, Bülbülcan elə bir zəngulə vurur ki, III Aleksandr və arvadı onun səsinə heyran qalırlar. Bundan sonra çar Qafqazda olduğu müddətdə Bülbülcan onun məclislərində yaxından iştirak edir. Çar Rusiyaya qayıdarkən Qafqaz canişininə tapşırır ki, Əbdülbaqinin nə arzusu olsa yerinə yetirsin. Canişin Əbdülbaqini çağırıb çarın tapşırığını ona bildirir. Xanəndə xahiş edir ki, ona bir aynalı tüfəng bağışlasın və Qolovinski küçəsindən isə at sürməyə icazə versin. Canişin onun xahişini yerinə yetirir.
   1900-cü ilin mayında İran hökmdarı Müzəffərəddin şah Tiflisə gəlir. Onun gəlişi münasibətilə saray bağında böyük məclis qurulur. Məclisə dəvət olunan Əbdülbaqi böyük şövqlə oxuyur. İfaya heyran qalan Müzəffərəddin şah onu xanəndəlik hünərinə görə “Şiri-Xurşid” ordeni ilə təltif edir.
   Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Bülbülcan Bakıya gəlir. Konservatoriyada müəllim işləyir. 1923-cü ildə o, muğamatdan dərs demək üçün Üzeyir bəy Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət edilir. Yaşının çox olmasına baxmayaraq, Əbdülbaqi Zülalov gənc xanəndələrin hazırlanmasında xüsusi səy göstərir. Üzeyir bəy məqalələrinin birində yazıb: “...Tarzən Sadıqcanın, xanəndə Əbdülbaqinin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanıblar”.
   Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi məşhur xanəndələr də ondan çox şey öyrəniblər. 70 illik xanəndəlik fəaliyyəti ilə musiqimizin inkişafında böyük xidmətlər göstərən ustad sənətkar 1927-ci ilin avqustunda 86 yaşında vəfat edib.
   
   Savalan Fərəcov