Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 10-da yekun vurulub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yekun konsertdən əvvəl jurnalistlərə müsahibə verən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festivalı böyük mədəni hadisə kimi qiymətləndirib. Festivalın əsas məqsədinin M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etmək olduğunu nəzərə çatdıran şöbə müdiri bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən bu tədbir hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramına çevrilir. Yeddi gün davam edən festivalda məşhur musiqiçilərin və musiqi kollektivlərinin ifasında dünya klassiklərinin əsərləri səsləndirilir. Bu ənənə bundan sonra da uğurla davam etdiriləcək.
   Festivala Paris kamera orkestrinin çıxışı ilə yekun vurulub. Konsertin dirijoru Lourens Foster (ABŞ), solisti Jan-İv Tibode (Fransa - piano) olub.
   Konsertdə Q.Fore, K.Sen-Sans, İ.Stravinski, F.Şubertin əsərləri səsləndirilib.