Əfsanəvi Robertino Loretti Emin Eminzadəni özünə rəqib hesab edir
   
   Məşhur italyan ifaçısı Robertino Loretti 65 illik yubileyi münasibətilə Rusiyaya qastrol səfərini başa çatdırıb. Qastrolun yekun konserti isə Moskvanın “Svetlanovski” konsert zalında keçirilib. Anşlaqla keçən mərasimdə məşhur müğənni repertuarında olan musiqiləri Rusiya Dövlət Prezident Orkestrinin müşayiəti ilə ifa etməklə yanaşı, tamaşaçılarla canlı təmasda da olub.
   Konsertdə diqqəti çəkən məqamlardan biri də R.Lorettinin Bakıdan mərasimə dəvət etdiyi istedadlı gənc ifaçısı Emin Eminzadənin çıxışı olub. Səhnəyə dəvət edilən E.Eminzadə haqqında danışan R.Loretti 14 yaşlı azərbaycanlı ifaçını özünün “rəqibi” adlandırıb. R.Loretti bildirib ki, E.Eminzadə onun bütün repertuarını bilir və çox yüksək səviyyədə ifa edir: “Eminlə mən Azərbaycanla İtaliya arasında mədəni dostluq körpüsü olacağıq”.
   Sonra E.Eminzadə R.Lorettinin ifasında dünya şöhrəti qazanan “Santa Luçiya” mahnısını oxuyub.
   Növbəti gün isə Moskvadakı Azərbaycan diasporu tərəfindən R.Lorettinin şərəfinə ziyafət təşkil edilib.
   Qeyd edək ki, Robertino Loretti Moskvadakı yubiley tədbirində Azərbaycanın istedadlı gənci Emin Eminzadənin iştirak etməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib. Müraciət Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsbət dəyərləndirilib.
   E.Eminzadə vokal üzrə Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir. Gənc ifaçı Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin Musiqi Məktəbində təhsil alır. Eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistidir. 

   Fəxriyyə