Milli musiqi alətlərimizdən söz düşəndə ilk növbədə tar göz önünə gəlir. Bu, ecazkar musiqi alətinin istedadlı ifaçılarından biri də Məşədi Zeynal olub. Klassik tar məktəbinin yaradıcılarından biri kimi ifaçılıq sənətimizin inkişafında əvəzsiz xidmətlər göstərib.
Məşədi Zeynal Haqverdiyev 1861-ci ildə Şuşanın Kərkicahan kəndində anadan olub. Erkən yaşlarından musiqiyə böyük maraq göstərib. Tar ifaçılığını öyrənir, tezliklə Şuşa musiqi məclislərinin yaraşığına çevrilir. Son dərəcə ecazkar və lirik çalğısı ilə dövrünün tanınmış musiqi xadimlərinin diqqətini çəkir. Xalq məclislərində Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinski və başqa müğənniləri öz sədəfli tarı ilə müşayiət edir. Şuşada ilk dəfə keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal da çıxış edir və böyük ifaçılıq məharəti göstərir. 1907-ci ilin yanvar ayının 20-də “Müsəlman Xeyriyyə Cəmiyyəti” Məşədi Zeynalın və digər sənətkarların iştirakı ilə yoxsul müsəlmanların xeyrinə təntənəli gecə təşkil edir. İctimai tədbirlərdə fəal iştirakı onu daha da məşhurlaşdırır.
Üzeyir bəy Hacıbəyli onu istedadlı bir tarzən kimi opera tamaşalarında tar çalmağa dəvət edir. 1911-ci ildə “Leyli və Məcnun“ operasının afişalarından birində yazılıb: “1911-ci il noyabrın 4-də Nikitin qardaşlarının teatr binasında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Orada məşhur tarzən Zeynal Haqverdiyev ifa edəcəkdir”.
1915-ci ilin mart ayının 13-də Bakıda “Nicat” cəmiyyəti tərəfindən keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal tarda “Rahab”, neydə isə Mirzə Abdulla “Rast” muğamını ifa edirlər. Gecədə Hüseyn Ərəblinski Hamletin “Olum, ya ölüm” monoloqunu söyləyir. Həmin gecədə aşıq Abbasqulu, Abdal Qasım və Sarabski də iştirak edirlər.
Məşədi Zeynal musiqi tariximizdə Sadıqcandan sonra solo ifa edən ikinci tarzən olub. O, öz çalğısında yüksək texniki ustalıq nümayiş etdirib. Bununla da muğamın son dərəcə əzəmətli və nikbin səslənməsinə nail olub. “Hasar”, xüsusilə “Müxalif” şöbələrində misilsiz barmaqlar vuraraq öz çalğısında nəinki xanəndə guşə və xallarını, hətta çətin zəngulə elementlərini belə məharətlə göstərib. Müəllimi Sadıqcan kimi cingənə simlərdə gəzişər, bir neçə formada alt-üst mizrablar vurarmış. Məhz buna görə də saysız-hesabsız dinləyicilər həmişə onun çalğısının intizarında olub. Çünki o, tarı sadəcə olaraq ifa etməyib, onu oxuyub.
O, xanəndə oxutdurmaqda da məşhur olur. Belə qeyd olunur ki, klassik tarzənlər arasında Məşədi Zeynal kimi xanəndəni oxutdurmağı bacaran tək-tək tarzənlər olub. Qocaman sənətkarlardan Qurban Pirimov, Mirzə Mənsur, Seyid və Xan Şuşinskilər Məşədi Zeynal haqqında yüksək fikir söyləyiblər. Xan Şuşinski onun haqqında deyib: “Məşədi Zeynal olan məclisdə hər xanəndə cürət edib oxumazdı. Çünki rəhmətlik tarı elə bir ustalıqla çalırdı ki, elə bil tar xanəndə kimi dil açıb oxuyur. Biz tarın nə olduğunu və tarı necə çalmağın sirrini Məşədi Zeynalın çalğısında hiss etmişik. Onun bir layiqli insan kimi də tayı-bərabəri yox idi. Son dərəcə alicənab, ağır təbiətli idi. O, məclisə daxil olanda hamı ayağa qalxardı...Xanəndəni oxudan tarzəndir. Sazəndə dəstəsinin başçısı xanəndədirsə, dəstənin bədii rəhbəri tarzəndir. Xanəndənin istər yaxşı, istərsə də pis oxuması tarzəndən çox asılıdır. Tarzən öz rəvan, şirin çalğısı ilə xanəndəni ruhlandırdığı kimi, həm də sönük, xaric çalğısı ilə onu ruhdan sala da bilər. Məhz Məşədi Zeynalda hər iki xüsusiyyət vardı...”
Məşhur muğam ustası Mirzə Muxtar da, bu, görkəmli tarzən haqqında maraqlı xatirə danışıb: Xaric oxumaq fəlakətdir. Bir gün bir məclisdə “Şur” oxumaq istəyən xanəndə ağzını açarkən Məşədi Zeynal ondan soruşur: - Gəda, nə oxuyursan?- “Şur”. Məşədi Zeynal tarı yığışdırıb məclisə müraciət edir: “Camaat, bu mərsiyəxana tarzən lazım deyil. Oxuduğu isə “Şur” yox, şordu...”
Məşədi Zeynal ilə uzun illər dostluq etmiş, böyük müğənni Seyid Şuşinski söyləyib ki, Məşədi Zeynalla çalıb-oxumaqdan həzz alıb: “O, nəinki məni oxutdururdu, həm də öyrədirdi. Qafqazda tarçalanların hamısı Məşədi Zeynalın barmaqlarını vurmağa cəhd edərdilər. Mənim “Çahargah” ustası kimi püxtələşməyimdə onun əməyi çox olub. Məşədi Zeynal Azərbaycan musiqisi xadimləri içərisində istedadlı bir tarzən, qabil bir sənətkar kimi şərəfli yer tutur. O, Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olub və bunun üçün çox zəhmətlərə qatlaşıb. Birdə ki, o, tək varlıların, kübar ailələrin deyil, geniş xalq kütləsinin zövqünü, mənəvi ehtiyacını ödəmək üçün tar çalıb. Ömrünün son günlərinədək sevimli tarından ayrılmayıb. Müəllimi Sadıqcanın tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi zənginləşdirib. Onlarca istedadlı tarzən yetişdirib...”
Musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, görkəmli tarzən Məşədi Zeynal 1918-ci ildə Bakıda vəfat edib.
Savalan Fərəcov