Görkəmli macar bəstəkarı Ferens Listin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
   
   Dekabrın 17-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli macar bəstəkarı, pianoçu Ferens Listin 200 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Ferens Listin dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışdı. Qeyd olundu ki, 2011-ci il dünyada “Ferens List ili” elan edilib. İl ərzində Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə bu böyük sənətkarın yaradıcılığına və şəxsiyyətinə həsr edilmiş konsertlər, simpozium və konfranslar keçirilib. Yubiley tədbirləri Azərbaycan və macar xalqları, bu iki ölkənin mədəniyyətləri arasında bir növ körpü yaradıb.
   Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyev böyük bəstəkar Ferens Listin yubiley tədbirləri çərçivəsində keçirilmiş fortepiano ifaçıları müsabiqəsinin dəstəklənməsinə görə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutoraya təşəkkürünü bildirdi.
   Səfir Jolt Çutora tədbirin əhəmiyyətini qeyd edərək ölkəmizdə böyük bəstəkar F.Listin yaradıcılığına göstərilən diqqət və hörmətə görə məmnunluğunu bildirdi: “Azərbaycan heyrətamiz musiqi və mədəniyyət ölkəsidir. Mən mədəniyyət üçün bu qədər vəsait xərclənən başqa bir ölkə tanımıram. Burada bütün xalqların mədəniyyətini sevir və qiymətləndirirlər. Musiqini sevdiyinizə görə çox sağ olun”.
   Direktor A.Bayramova muzey adından səfirə dünya şöhrətli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən “Kitab-albom“u hədiyyə etdi.
   Sonra Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas Səadət Səttarova Ferens Listin həyat və yaradıcılığı haqqında məruzə etdi.
   Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Bakı Musiqi Akademiyasının yanında məktəb-studiyanın VII sinif şagirdi Ceyhun Əzizovun ifasında F.Listin “İthaf”, L. və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin şagirdi Lalə Məmmədovanın ifasında “Cırtdanların rəqsi”, habelə 23 saylı musiqi məktəbinin IX sinif şagirdi Kamilə Heydərova, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Qəmər Mahmudova, Bakı Musiqi Kollecinin tələbəsi Tofiq Şıxıyevin və kollecin məzunu Abbas Abdullazadənin təqdimatında musiqi nömrələri səsləndi.
   Tədbirdə Macarıstanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən informasiya mərkəzinin, Azərbaycandakı rus icmasının “Sodrujestvo” ədəbi birliyinin nümayəndələri iştirak edirdi.

   Savalan Fərəcov