Dekabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında tanınmış bəstəkar, professor, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı Azər Dadaşovun əsərlərindən ibarət xor, kamera-vokal və kamera-instrumental konserti olub.
   BMA-nın 90 illiyinə həsr olunmuş konsertdə bəstəkarın “Qızıl dan”, “Salam, Azərbaycanım”, “Azərbaycan qızları”, “Qarabağ bayatıları”, “Körpə güllərik”, “Bəxtəvərik biz”, “Ana torpaq”, “Heydər atamız” əsərləri səsləndirilib.
   Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi, respublika müsabiqəsinin laureatı Züleyxa Usubovanın, BMA-nın IV kurs tələbəsi, beynəlxalq müsabiqənin diplomantı Nərgiz Kəngərlinin, Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyovanın fortepianoda, Əziz Qarayusiflinin klarnetdə, akademiyanın II kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədovanın sopranoda, Prezident təqaüdçüsü Nicat Məmmədovun fleytada, Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Ceyla Seyidovanın violində ifaları alqışlarla qarşılanıb. Orkestrə BMA-nın professoru Tofiq Aslanov dirijorluq edib.